110 illik işi 19 saniyəyə gördü

110-illik-isi-19-saniyeye-gordu
Oxunma sayı: 384

IBM-in (International Business Machines) yeni “Nighthawk r2” kvant prosessoru mürəkkəb hesablama tapşırığını cəmi 19 saniyəyə yerinə yetirib. Tədqiqatçıların hesablamalarına görə, eyni tapşırığın klassik superkompüterdə həyata keçirilməsi təxminən 110 il çəkə bilərdi.

“Qafqazinfo” xəbər verir ki, nəticələr ABŞ-nin “BlueQubit” şirkətinin tədqiqat qrupu tərəfindən hazırlanıb və araşdırma “arXiv” platformasında yayımlanıb.

Tədqiqatçılar təcrübəni IBM-in bulud platforması vasitəsilə istifadəçilər üçün əlçatan olan 120 kubitlik “Nighthawk r2” prosessorunda aparıblar. Prosessordan 61 kubit seçilərək artan mürəkkəblikdə təsadüfi dövrələr üzərində sınaqlar keçirilib.

Optimal nəticə 36-cı dövrədə əldə olunub. Bu mərhələdə dövrə 918 iki-kubitlik qapıdan ibarət olub və “Nighthawk r2” cəmi 19 saniyədə bir milyon nümunə yaradıb.

Tədqiqatçılar klassik kompüterdə eyni kvant dövrəsinin simulyasiyası üçün tələb olunan hesablama yükünü qiymətləndirərək, bunun dünyanın ən sürətli superkompüterlərindən biri olan “Frontier” üçün təxminən 110 illik hesablamaya bərabər olduğunu bildiriblər.

Təcrübədə təsadüfi dövrə nümunəsi (RCS) adlı hesablama üsulundan istifadə olunub. Bu üsul kvant prosessorunun mürəkkəb kvant vəziyyətləri yaradaraq çoxsaylı nümunələr əldə etməsinə əsaslanır. Klassik kompüterlər üçün isə eyni nəticələrin simulyasiyası kubitlərin və əməliyyatların sayı artdıqca ciddi şəkildə çətinləşir.

2019-cu ildə “Google”un 53 kubitlik “Sycamore” prosessoru ilə apardığı təcrübə də bu sahədə böyük diqqət yaratmışdı.

Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, 110 il klassik kompüterlər üçün fundamental sürət həddi deyil. Bu rəqəm kvant təcrübəsinin müəyyən simulyasiya üsulu əsasında aparılan hesablamadır və daha səmərəli klassik alqoritmlər tələb olunan vaxtı azalda bilər.