15 il sonra rejimdən gizlətdiyi kitablarına qovuşma anları viral oldu - Video

15-il-sonra-rejimden-gizletdiyi-kitablarina-qovusma-anlari-viral-oldu
Oxunma sayı: 360

Suriyada Əsəd rejiminin dini və fəlsəfi əsərləri məhv edə biləcəyindən ehtiyat edən Əmr bin Mustafa Əlvan 15 il əvvəl divarın arxasında gizlətdiyi kitabxanasına qovuşub.

“Qafqazinfo” xəbər verir ki, Suriya vətəndaş müharibəsinin ilk illərində Bəşər Əsəd rejiminin bir sıra kitabları qadağan etməsindən sonra Əlvan dini və fəlsəfi əsərlərdən ibarət kitabxanasını qorumaq üçün Hümsdəki evində divar tikərək kitabları onun arxasında gizlədib.

2011-ci ilin oktyabrında tərk etdiyi evinə təxminən 15 il sonra qayıdan Əlvan çəkiclə divarı sökərək kitabxanasını yenidən üzə çıxarıb. Kitabların uzun illər divarın arxasında qalmasına baxmayaraq, zədələnmədiyi və yaxşı vəziyyətdə olduğu məlum olub.

“Bu divarı 2011-ci ilin oktyabr ayında tikdim. 15 il sonra geri qayıtdım. Allaha şükür, hər şey hələ də yerindədir”, - Əlvan kitabxanasını necə qoruduğunu izah edib.

Kitabxanada hədis, fiqh və təfsir sahələrinə aid çoxsaylı dini əsərlər, Quran nüsxələri aşkar edilib.

Burada həmçinin “Təhzibüt-Təhzib”, “Təhzibül-Kəmal”, “Təbəri Təfsir”, “Səhih əl-Buxarinin şərhi”, “Peyğəmbərin tərcümeyi-halı”, “Qurani-Kərimin qrammatikası” və “Camiul-Usul” kimi mühüm əsərlərin olduğu müəyyənləşdirilib.

Onun kitablarına qovuşmaq üçün divarları dağıtdığını əks etdirən görüntülər sosial şəbəkələrdə viral olub.