Qayıtmaq istədiyini demişdi - Amma qapılar bağlandı

qayitmaq-istediyini-demisdi
Oxunma sayı: 150

“Nvidia” şirkətinin İdarə Heyəti ötən həftə istefa verən keçmiş baş direktor Jensen Huanqı yenidən vəzifəsinə bərpa etməyi düşünmədiklərini bəyan edib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə şirkətin cari maliyyə ilinin üçüncü rübünün nəticələrinə həsr olunmuş telekonfransında məlumat verilib.

İdarə Heyətinin sədri Harvi Cons çıxışında şirkətin güclü maliyyə göstəricilərinə malik olduğunu vurğulayıb. O xatırladıb ki, Jensen Huanq korporativ mədəniyyət və davranış kodeksinə uyğun olmayan şəxsi hərəkətləri səbəbindən noyabrın 12-də könüllü istefa verib. Cons İdarə Heyətinin bu istefanı yekdilliklə qəbul etdiyini və Huanqın geri qaytarılması niyyətində olmadıqlarını qəti şəkildə bildirib. O həmçinin davam edən araşdırmalarla bağlı əlavə şərh verilməyəcəyini qeyd edib.

Yeni baş direktorun seçilməsi prosesinə toxunan sədr həm şirkət daxilində, həm də kənarda namizədlərin qiymətləndiriləcəyini deyib. Onun sözlərinə görə, qabaqcıl çip texnologiyaları və milli təhlükəsizlik dinamikası fonunda yeni rəhbər prosesləri çox diqqətlə idarə etməlidir. Cons təyinatın mümkün qədər tez olmasını istəsələr də, uyğun namizəd tapılana qədər prosesi tələsdirməyəcəklərini əlavə edib.

Şirkətin müvəqqəti baş direktoru və baş maliyyə direktoru Kolett Kress isə bazardakı qeyri-müəyyənliklərə baxmayaraq, biznes fəaliyyətinin tam gücü ilə davam etdiyini bildirib. Müştərilərin, təchizatçıların və tərəfdaşların şirkəti 100 faiz dəstəklədiyini deyən Kress tələb və təklif arasındakı boşluqları aradan qaldırmaq üçün təchizatçılarla sıx əməkdaşlıq edildiyini vurğulayıb.

Xatırladaq ki, noyabrın 8-də “Nvidia” Direktorlar Şurası Huanqın xarici kəşfiyyat fəaliyyətlərinin hədəfi olması və Çinə casusluq etdiyi iddia edilən bir qadınla əlaqələri barədə xəbərlərdən sonra müstəqil araşdırma başlatmışdı. Eyni zamanda, “The New York Times” nəşri onun tabeliyində olan bir menecerlə də nikahdankənar münasibətinin olduğunu yazmışdı.

Qalmaqal fonunda noyabrın 12-də bütün vəzifələrindən ayrılan Huanq dünən verdiyi ilk açıqlamada İdarə Heyəti qərar verərsə, səhmdarların və şirkətin maraqları naminə vəzifəsinə qayıtmağa hazır olduğunu bildirmişdi.