18 ay, ayın 18-i...

18-ay-ayin-18-i
Oxunma sayı: 7526

Xəbər verdiyimiz kimi, Kiyev vilayətinin Brovarı şəhərində baş verən helikopter qəzası nəticəsində Ukraynanın daxili işlər naziri Denis Monastırski həlak olub.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Monastırski 1980-ci ildə Ukraynanın qərbindəki Xmelnitski şəhərində dünyaya gəlib.

O, təhsil həyatına hüquq üzrə yönəlib və uzun illər bu sahədə çalışıb.

Denis Monastırski  2014-cü ildən siyasi həyata atılıb. “Xalqın qulluqçusu” partiyasının üzvü kimi parlamentə seçilib və qısa müddətdə parlamentin hüquq-mühafizə işləri üzrə komitəsinin rəhbəri kimi ölkə həyatında mühüm rol oynayıb.

Həmin dövlərdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə tanış olub. Zelenski ilə dost olan Monastırski onun hüquq üzrə məsləhətçisi kimi də çalışıb. 2019-cu ildə Zelenskinin prezidentliyə namizədliyi zamanı onu dəstəkləyib və komandasının əsas üzvlərindən biri olub.

Lakin onun daxili işlər naziri təyin olunması sabiq Ukrayna DİN rəhbəri Arsen Avakovun qəfil və gözlənilmədən istefası ilə baş verib.

Monastırski 2021-ci ilin iyulunda, Rusiyanın ölkəyə qarşı işğal əməliyyatı başlatmasından cəmi altı ay əvvəl daxili işlər naziri təyin edilib.

Monastırski daxili işlər naziri kimi Ukraynada polis və təhlükəsizliyə cavabdeh idi.

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumundan sonra o, Kiyevə qarşı mübarizə üçün beynəlxalq dəstəyi toplamaq çağırışı ilə çıxış etməyə başlayıb.

DİN rəhbəri dünya mətbuatına müsahibələr verib və ölkədəki humanitar fəlakət barədə insanları məlumatlandırıb. Həmçinin, Ukraynanın fövqəladə hallar xidmətlərinin üzləşdiyi çətinlikləri də işıqlandırıb.

Cəmi 18 ay nazir kimi fəaliyyət göstərən dövlət rəsmisi, Ukrayna ictimaiyyətinin Rusiyanın raket zərbələri nəticəsində itkilər barədə məlumatlandırılmasında da mühüm rol oynayıb.