“Kapital Bank” 2025-ci ildə müştərilərin 7 milyon 22 min 165 manat vəsaitin oğurlanma ehtimalının qarşısını alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə bankın Baş Risk İnzibatçısı Ağarza Baxşiyev mətbuat konfransında məlumat verib.
O qeyd edib ki, 2025-ci il ərzində bank müştərilərinin 1 milyon 2 min 873 kart əməliyyatı və 31 min 353 kart hesabı fırıldaqçılıq əməliyyatı ehtimalı olduğu üçün bank tərəfindən bloklanıb.
O həmçinin qeyd edib ki, 2024-cü illə müqayisədə ötən il rəqəmsal fırıldaqçılıq üzrə hücum cəhdlərinin sayı da artıb:
“Xüsusilə sosial mühəndislik üsulları vasitəsilə müştərilərin manipulyasiya edilməsi və vəsaitlərin mənimsənilməsinə yönələn cəhdlər daha intensiv xarakter alıb. “Kapital Bank” adından saxta reklam, elan, lotereya xarakterli kampaniya həyata keçirdiyini iddia edən 1000-dən çox veb-sayt və sosial media səhifəsi bloklanıb”.
“Ötən il kiberdələduzluqla mübarizədə atdığımız ən vacib addımlardan biri “Birbank” mobil tətbiqi ilə bağlı oldu. Biz müştərilərimizə zəng edən şəxsin bankımızın əməkdaşı olub olmadığını yoxlamaq imkanı verdik. Artıq müştərilərimiz zəng zamanı özünü “Kapital Bank” əməkdaşı kimi təqdim edən şəxsdən bank əməkdaşı olduğunu təsdiq etmələrini tələb edə bilirlər. Əgər o həqiqən bank əməkdaşıdırsa, mobil tətbiqdə bunu təsdiq edən bildiriş alır. Bank əməkdaşı olmayan şəxs isə bu bildirişi göndərə bilmir. Aartıq 10 000 nəfərə yaxın vətəndaşımız bu xidmətdən yararlanaraq dələduzları ifşa edib, daha sonra isə məlumat üçün bankımıza zəng ediblər.
Həmçinin 2025-ci ildə 40 000-dən çox istifadəçinin cihazında “Birbank” tətbiqinin fəaliyyətinə mane olan virus aşkarlanıb. Virusa yoluxan cihazlarda bank tətbiqi bloklanıb. Bununla da minlərlə vətəndaşın potensial dələduzluq riski ilə üzləşməsinin qarşısı alınıb”, - o əlavə edib.
Lamiyyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər