9 milyonluq Renuar rəsmləri divarın arxasında tapıldı - Fotolar

9-milyonluq-renuar-resmleri-divarin-arxasinda-tapildi
Oxunma sayı: 789

Fransanın cənubunda muzeydən oğurlanmış, ümumi dəyəri 9 milyon avro olan iki rəsm əsəri bir evin kərpic divarının arxasında gizlədilmiş vəziyyətdə aşkarlanıb. Əsərlər impressionizmin tanınmış nümayəndəsi Pyer-Ogüst Renuara məxsusdur.

“Qafqazinfo” AFP-yə istinadən xəbər verir ki, rəsmlər ötən ay Kan-sür-Mer şəhərindəki muzeydən oğurlanıb.

Oğrular iki əsəri aparıb, digər iki əsəri isə qaçarkən geridə qoyublar.

Tapılan əsərlər “Madam Kolonna Romanonun portreti” və “Quyuda gənc qadın” adlanır. Marsel prokuroru Nikolas Bessonun sözlərinə görə, rəsmlər Klermon-l'Herault şəhərində bir evdə aparılan axtarış zamanı aşkarlanıb.

Prokuror bildirib ki, əsərlər biri qadın olmaqla altı nəfərin saxlanılmasından sonra tapılıb. Dindirmələr zamanı şübhəlilərdən biri rəsmləri əldə etdiyini etiraf edib. İş üzrə əsas şübhəli hesab olunan 29 yaşlı kişi DNT sübutlarından sonra rəsmi ittihamla üzləşib.

Rəsmlərin vəziyyəti nisbətən yaxşı qiymətləndirilsə də, hər ikisi zədələnib. “Quyuda gənc qadın” əsərinin çərçivəsi zərər görüb, “Madam Kolonna Romanonun portreti”nin kətanında isə cırıq aşkarlanıb. Hər iki əsərin bərpaya ehtiyacı var.

Hadisə Fransada muzeylərin təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edir. Ötən il Parisdəki Luvr Muzeyindən təxminən 100 milyon dollar dəyərində kral zinət əşyaları oğurlanmışdı. Həmin cinayətlə bağlı şübhəlilər saxlanılsa da, oğurlanan əşyalar hələ də tapılmayıb.