9 yaşlı qıza ögey anası zorakılıq edir? - Yenilənib

9-yasli-qiza-ogey-anasi-zorakiliq-edir
Oxunma sayı: 1843

Bakıda 9 yaşlı məktəblinin ögey anası tərəfindən zorakılığa məruz qaldığı iddia olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən jurnalist Elnurə Abuşovanın sözlərinə görə, ona müraciət edən şəxs M.Əliyeva İlqar qızının ögey anası tərəfindən şiddət gördüyünü deyib: “Uşağın təhsil aldığı məktəbin ünvanı da bəllidir. Bu vaxta qədər məktəbdən də vəziyyəti görüb aidiyyəti orqanlara məlumat verməyiblər”.

Qeyd edilib ki, anası öldükdən sonra qızı bir xanım himayəyə götürüb, sonradan uşağın təxminən 5 yaşı olanda atası yenidən evlənib: “Analığın başqa nikahdan bir balaca oğlu da var. Qızcığaz döyülür, 2-ci dəfədir saçı dibdən kəsilir. Uşağın köməyə ehtiyacı var, burnu sınıqdır, bədənində göyərmələri var”.

Müraciət edən şəxsin sözlərinə əsasən, azyaşlı səhər saat 10-dan axşam saat 10-dək çöldə olur. Səbəbi soruşulduqda isə uşaq “Ülkər deyir, evə gəlmə” cavabını verir.

DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli məsələ ilə bağlı bildirib ki, faktla bağlı araşdırmalara başlanılıb.

***

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkə hesabında bildirib ki, azyaşlının zorakılığa məruz qalması ilə bağlı araşdırma aparılıb: “Sosial şəbəkələrdə azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qalması ilə bağlı yayılan məlumat aidiyyəti qurumlar tərəfindən araşdırılıb.

Araşdırma çərçivəsində qurumların nümayəndələri tərəfindən uşaq və ailə ilə görüş keçirilib, məsələ ilə bağlı ətraflı söhbət aparılıb.

Uşağın dizində və əlində müşahidə olunan sıyrıqların yaranma səbəbi ilə bağlı verilən suala azyaşlı skuterlə hərəkət edərkən yıxıldığını bildirib.

Bununla belə, uşağın zorakılığa məruz qalıb-qalmamasının dəqiq müəyyənləşdirilməsi məqsədilə onun tibbi ekspertizaya göndərilməsi də, qərara alınıb.

Məsələ aidiyyəti qurumların nəzarətindədir”.