ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hava nəqliyyatının idarə olunması mərkəzlərində yaranan ciddi rabitə problemi səbəbindən ölkə daxilindəki bütün hava limanları üçün “yerüstü dayanacaq” əmri verib.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, ABŞ-nin nəqliyyat katibi Şon Daffi problemin bütün ölkəni əhatə edən rabitə qüsurundan qaynaqlandığını təsdiqləyib.
FAA nümayəndələri bu tədbirin fövqəladə hallar və təhlükəsizlik narahatlıqları səbəbindən tətbiq olunduğunu açıqlayıblar.
Qərar zamanı havada olan təyyarələrin təyinat məntəqələrinə normal şəkildə eniş etməsinə icazə verilib, lakin reysini gözləyən bütün digər təyyarələrin növbəti xəbərdarlığa qədər yerdə qalması əmr edilib. Xaricdən ABŞ-yə uçan reyslər isə hər bir hal üçün ayrıca qiymətləndirilir.
Qeyd edək ki, bu hadisə 11 sentyabr 2001-ci il terror aktlarından bəri ABŞ-də ölkə miqyasında bütün uçuşların dayandırıldığı ikinci hadisə kimi tarixə düşüb. Bundan əvvəlki analoji hal 2023-cü ilin yanvar ayında qeydə alınmış və həmin vaxt ABŞ Federal Aviasiya Administrasiyası (FAA) bütün daxili reysləri iki saatdan az müddətə təxirə salmışdı.
Son xəbərlər
Son Xəbərlər