Azərbaycan QHT-lərinin çətir təşkilatı olan, sıralarında yüzlərlə ictimai təsisatı birləşdirən Azərbaycan Milli QHT Forumu ABŞ-nin Lemkin İnstitutunun Ruben Vardanyan daxil olmaqla, müharibə cinayətlərində ittiham olunan erməniəsilli şəxslərin azadlığa buraxılmasına dair çağırışını pisləyən Açıq Məktubla çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, Açıq Məktubda Lemkin İnstitutunun ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülh missiyasına xələl gətirmək cəhdləri təxribat kimi dəyərləndirilir.
Qeyd olunur ki, Lyusi Mirzoyan kimi etnik və dini bölücülük salan şəxslərin idarəçiliyində yer aldığı Lemkin İnstitutu Ermənistandakı revanşist qrupun maraqlarını ifadə edir, Azərbaycan və Ermənistan arasında sülh gündəliyini sarsıtmağa çalışır. İfşa xarakterli Açıq
Məktubda xüsusi vurğulanır ki, İnstitutun adını daşıdığı Rafael Lemkinin öz ailəsinin belə bu addan sui-istifadəyə görə açıq tənqidlərinə məruz qalan Lemkin İnstitutu Ermənistanda da birmənalı qarşılanmır. Məsələn, Ermənistanın Zoryan İnstitutu bu təsisatın əsassız mövqeyini dəfələrlə açıq şəkildə sorğulayıb.
Azərbaycan Milli QHT Forumu hesab edir ki, Xocalı soyqırımı kimi kütləvi qırğınlara göz yuman Lemkin İnstitutunun müharibə cinayətlərində ittiham olunan erməniəsilli şəxsləri azad etməyə çağırması, ilk növbədə, təşkilatın elan etdiyi missiyaya xəyanətdir.
Milli QHT Forumu Lemkin İnstitutunu məsuliyyətli davranmağa, Azərbaycan ictimaiyyətindən üzr istəməyə dəvət edib.
Lemkin İnstitutu Açıq Məktubda göstərilən faktlara cavab verməyib.
Son xəbərlər
Son Xəbərlər