ABŞ-nin yeni təkliflər paketi iflasa uğrayır? - Tehran şərtini açıqladı

abs-nin-yeni-teklifler-paketi-iflasa-ugrayir
Oxunma sayı: 336

Vaşinqton və Tehran arasında davam edən danışıqlarda sanksiyaların ləğvi və təzminat məsələsi ətrafında gərginlik pik həddə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın danışıqlar heyətinə yaxın mənbə “Tasnim” agentliyinə məlumat verib.

Məlumata görə, ABŞ-nin təqdim etdiyi yeni təkliflər paketində danışıqlar prosesi müddətində İranın neft sektoruna yönəlmiş sanksiyaların müvəqqəti dondurulması bəndi yer alıb.

Mənbənin sözlərinə görə, rəsmi Tehran bütün məhdudiyyətlərin tam və birdəfəlik ləğvini Vaşinqtonun birbaşa öhdəliyi hesab edir. Ağ Ev isə bu addımın yalnız yekun saziş imzalanana qədər qüvvədə qalacaq keçici bir güzəşt olmasını şərt qoyur. Hazırda tərəflərin hazırladığı mətnlər arasında ciddi fikir ayrılıqları mövcuddur və rəsmi Tehran bu gecikməni ABŞ-nin real vəziyyətdən uzaq, maksimalist yanaşması ilə əlaqələndirir.

Qeyd olunub ki, hazırda masadakı ən böyük mübahisə mövzularından biri də İranın xaricdə dondurulmuş maliyyə vəsaitlərinin geri qaytarılması mexanizmidir. Bununla yanaşı, ABŞ tərəfindən ödənilməsi tələb olunan müharibə təzminatının məbləği ətrafında da müzakirələr çıxılmaz vəziyyətə düşüb. Vaşinqton müharibənin dayandırılması prosesini İranın nüvə öhdəlikləri ilə əlaqələndirməyə çalışsa da, Tehran bu şərtə qəti şəkildə qarşı çıxacağını bəyan edib.