ADY də həbs edilən eks-əməkdaşları ilə bağlı məlumat yaydı

ady-de-hebs-edilen-eks-emekdaslari-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 2910

Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin 2 əməkdaşı həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, bu gün ADY də bununla bağlı məlumat yayıb.

Bildirilib ki, ADY-nin vaxtilə mövcud olmuş struktur bölməsi – Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və Qatarların idarə edilməsi xidmətinin İmişli magistral lokomotivlərin idarə edilməsi sahəsinin maşinist təlimatçısı Famil Soltanovun əlbir olaraq lokomotivlərin hərəkətinin təmin edilməsi üçün ADY tərəfindən ayrılmış yanacaq və yağı mənimsədikləri aşkar edilib:

“ADY törədilmiş qanunsuz əməl barədə tədbirlər görülməsi üçün Baş Prokurorluğa müraciət edib və müraciətə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

Müəyyən edilib ki, E.Sadıqov və F.Soltanov 15 yanvar 2022-ci il – 06 iyun 2023-cü il tarixləri aralığında marşrut vərəqələrinə faktiki olaraq həyata keçirilməmiş marşrutlar qeyd edərək təminat məntəqəsindən yanacaq və yağı götürməklə mənimsəyib, bununla da ADY-yə külli miqdarda ziyan vurublar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs həbs edilib.

Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmə hallarına yol verilməməsi, bu cür halların aşkar edilməsi və qarşısının alınması məqsədilə son illərdə ADY tərəfindən nəzarət tədbirləri gücləndirilib.

Həmçinin görülən mühafizə tədbirləri nəticəsində kənar şəxslər tərəfindən ADY-yə aid sahələrdə oğurluq və oğurluğa cəhd hadisələri 3 dəfə azalıb. Belə ki, 2023-cü ildə 120, 2024-cü ildə 87, 2025-ci ildə isə 40 belə hadisə qeydə alınıb, bu hadisələrin 2023-cü il və 2025-ci il üzrə ümumilikdə 50 faizinin, 2024-cü ildə isə 70 faizinin qarşısı vaxtında alınıb.

ADY bu cür qanunsuz hallarla mübarizə tədbirlərini gücləndirməyə davam edəcək”.

Qeyd edək ki, dünən saytımızda ADY-də Yanacaq və Enerji Resurslarının İdarə Edilməsi Departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və ADY-nin İnfrastruktur Departamentinin Qatarların İdarə Edilməsi Xidmətinin İmişli lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti Famil Soltanovun həbs edilməsi barədə material dərc etmişdik. 

Belə ki, məlumata görə, onlar lokomotivlərin hərəkəti üçün ayrılmış tonlarla dizel yanacağı və yağı mənimsəyib satmaqda təqsirli biliniblər.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, rəsmi sənədlərə lokomotivlərin faktiki hərəkət etməməsinə və kifayət qədər yanacaq olmasına baxmayaraq, guya əlavə marşrutlar yerinə yetirilmiş kimi yalan məlumatlar daxil edilib. Həmin saxta sənədlər əsasında böyük həcmdə dizel yanacağı və yağ götürülərək satılıb, əldə olunan pul isə təqsirləndirilən şəxslər arasında bölünüb.