“Aktyorun vəziyyəti Tovuzquşuna bənzəyir”

aktyorun-veziyyeti-tovuzqusuna-benzeyir
Oxunma sayı: 752


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Ağaxan Salmanlının “Qafqazinfo”ya müsahibəsi:

- Ağaxan müəllim aktyorun günü necə keçir ? Bu yaşınızda həvəsli - həvəsli teatra gəlmək maraqlıdırmı?

- Aktyorun günü həmişə ritmli, coşqulu keçir. Səhər tezdən dublyaja ya radioya yazılışa qaçırsan ya da 11-ə qədər əgər teatrda məşqi varsa çaparaq özünü çatdırırsan. 14-dən sonra qaçır serialın çəkilişinə. Əgər onu çəkən varsa qaçır. Bu qaçaqaçla o özünü xoşbəxt sayır. Çünki onu sayıb rol veriblər. Hamı necə, mən də elə. Gənclik illərimdə məşhur fransız aktyoru Jan Qabenə həsəd aparırdım. O qədər filmlərə çəkilib bu aktyor. Düşünürdüm bütün həyatının qalan hissəsini də yeyib-içəcək. Sonralar ahıl vaxtı müsahibəsində dedi ki, indi əvvəlkindən də artıq işləməyə vadar olmuşam-nəvələrim üçün. Bax mən də eləcə. Mənə belə gəlir dünyada aktyorların hamısının taleyi eynidir. Ona görə, mən də təkliflər olursa, çox həvəslə qəbul edir, böyük enerji ilə onu yerinə yetirməyə çalışıram. Vaxtilə Cəfər, Romeo, Artur, Dinar kimi bir cavan qəhrəmanlar yaratmışam. İndi onların atasını, ya da ki, babasını oynayıram. Əlbəttə ümid edirəm ki, Kral Lir kimi ata rolları olacaq ki, mən o rol ilə canımda olanı göstərəcəyəm.

- Heç bu sənətdən bezdiyiniz anlar olub?

- Olub, olur, olacaq. Təbii ki, sənətə qarşı haqsızlıq görəndə belə oluram.

- Fikir vermişəm ki, müsahibələrinizdə kino həyatından danışmamısınız. Bəlkə bu dəfə danışaq?

- Kinodan gileyliyəm. Mən həmişə düşünürəm ki, rejissor özü maraqlı olmalıdır ki, hər dəfə yeni-yeni aktyorlarla işləsin, xüsusilə kinoda. Amma bəzi rejissorların çox qəribə psixologiyası var. Onlar bir aktyor seçimi elədilərsə, daha o seçimdən qopa bilmirlər. Mən belə kinolara baxanda elə bilirəm teatrdayam, çünki teatrda kollektiv daimi olur, amma kino sərbəstdir, azaddır. Onu azadlıqdan məhrum edən rejissoru anlamıram, heç anlamaq da istəmirəm. Kinodan danışmayacağam. Mənə kinoda söz deməyə hələ ki, imkan verilməyib.

- Bir neçə filmdə epizodda çəkilmisiniz. Amma əsas rollarda çəkildiyiniz son filmlər isə hələ efirlərdə göstərilməyib…

- Çəkilən filmlərin göstərilməməsi bir çox səbəblərdən: maliyyə, mövzu, siyasi və s.-dən asılıdır.

- Həyatda yaxşı insan kimi oynamaq asandır ya səhnədə?

- Rəhmət qazanmaq istəyirsənsə, gərək həyatda yaxşılıq edəsən. Özü də bu yaxşılıqları fasiləsiz edəsən. Dayanan kimi qınağa düçarsan. Çünki insanlar gözlədiklərini almayanda qıcıqlanırlar. Ona görə də, Allahdan yaxşılıq etməyə imkan diləyirəm və buna çalışıram. Səhnədə isə yaxşı oynamaq heç nədir. Çoxları həyatda yaxşı insan oynayır…

- “Cavanlıq” serialına çəkildiniz. Özünüzü cavan aktyorların içərisində necə hiss edirdiniz?

- Aktyorluq sənəti zamanla ayaqlaşan, daim dəyişkənliyə məruz qalan sənətdir. Əgər aktyor şablon, trafaret ifa tərzində kök salsa onun axırı çatdı. Bu səbəbdən də, cavanlarla işləmək yeni ruh, yeni yanaşmadır. Bu həm də özünü yenidən təsdiqləmə imkanıdır. Düzdür, sənətin elə əlifbası mövcuddur ki, onu da cavanlar bizdən öyrənir. Qısası bu qarşılıqlı inteqrasiyadır.

- Teatrda nə kimi yenilik var? Məşqlər olur?

- Hazırda bir nağıl tamaşa hazırlanır ki, rejissoru Nicat Kazımovdur. Vaqif Əsədovun hazırladığı başqa bir tamaşada da rol almışam. Hələ iş prosesi yenicə başlayıb, məncə maraqlı tamaşalar olacaq.

- Yaşınız 70- i ötüb, amma hələ də cavan qalmısınız. Bunu nə ilə əlaqələndirmək olar?

- Çox vaxt bu məsələni zarafata salırlar. Həqiqətən də cavanlarla işləmək, tərəf müqabili olmaq insana pozitiv enerji toplumu verir ki, o da uzunmüddətli olur. Batareyalar cihazları necə işlədir a bax eləcə (gülür).

- Ağaxan müəllim bu yaxınlarda saytların birində “Boy çiçəyi” tamaşası haqqında məqalənizi oxudum. Bu nə həvəsdir?

- Mən həmkarlarımın sənətindən ruhlandımsa, həmişə münasibətimi bildirirəm. Aktyor var kinonu gizlədir, sadəcə təbriki də qıymır. Mən isə lap çox xoşuma gələndə əlimə qələm alıb münasibətimi yayımlayıram, sevincimi, mülahizələrimi hamı ilə bölüşürəm. Bu işlə gənc yaşlarımdan məşğulam. Esselər, yaradıcılıq portretləri, monoqrafiyalar, təhlillər, araşdırmalar aparıram. Bu dəfə də son illərin ən uğurlu tamaşaları Azər Paşa Nemətovun yaradıcılığında sıralandığı üçün əlimə qələm aldım.

- Sosial vəziyyətiniz necədir? Aktyorun aldığı məvacib sizi dolandıra bilir?

- Aktyorun sosial vəziyyəti tovuzquşuna bənzəyir. Gözəlliyindən heyran olan hər kəs başdan onu süzür, ayaqlarına çatanda isə… Aktyorun sosial vəziyyəti heç zaman yaxşı olmayıb. Bineyi-qədimdən, hətta qədim kitabələrdə də yazılıb ki, onların sosial durumu acılı olub. İndi şükür dövlətin və xüsusilə prezidentin maliyyə dəstəyi - prezident mükafatları və təqaüdləri bir çox sənətkarların sosial vəziyyətinə böyük köməkdir.

- Nədən narazısınız?

- Narazılığım yoxdur. Amma bəzi şeylərə ümidliyəm. Çünki 53 ildir səhnədə olsam da hələ də yaşımla əlaqədar təqaüddəyəm. Prezident təqaüdünə ümidliyəm.

- Facebookdan istifadə edirsiniz. Bunu necə öyrəndiniz?

- Məni bu işə həvəsləndirən və ilk öyrədənim "Ekspress" qəzetinin jurnalisti Ulduz Qaraqızı olub.

- Aktyor üçün ictimai-siyasi prosesləri izləməyə vaxt az olur. Xəbərləri qəzetlərdən oxuyursunuz, yoxsa saytdan?

- Doğrudur. Həm qəzetdən, həm saytlardan, həmdə ki, telekanallardan.
Demək olar günümün dəqiq 3 saatı xəbərlərə sərf olunur.

Aynur Babayeva