“Alibaba”ya ölkə tarixində ən böyük cəza verilə bilər

alibabaya-olke-tarixinde-en-boyuk-ceza-verile-biler
Oxunma sayı: 2258

Çin antiinhisarçılıqla mübarizə çərçivəsində “Alibaba” şirkətinə rəqabətə zidd davranışlarına görə ölkə tarixində bir şirkətə verilən ən böyük cəzanı tətbiq etməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə “Wall Street Journal” nəşri çıxış edib.

Bildirilib ki, “Alibaba”ya veriləcək cəza 2015-ci ildə “Qualcomm”a kəsilən 975 milyon dollarlıq cəzadan ağır olacaq.

Bundan başqa, şirkətdən “ikisindən birini seç” tətbiqetməsindən əl çəkməsi tələb olunacaq. Sözügedən platforma ölkənin iki dominant onlayn ticarət platforması olan “Taobao” və “Tmall”dır. “Alibaba” hər iki platformanın operatorudur.

Çində keçən ilin dekabrında “Alibaba”ya qarşı antiinhisar istintaqı başlanmışdı. Şirkət müvafiq orqanlarla aktiv əməkdaşlığa hazır olduğunu və istintaqa rəğmən, işlərin normal davam etdiyini açıqlamışdı.

Çin administrasiyası “Alibaba”nın sahibi Cek Manın 24 oktyabr 2020-ci ildə bir iclasda ölkədəki maliyyə qurumları və qaydalarını tənqid etdiyi nitqinin ardından ona məxsus maliyyə texnologiya şirkəti “Ant Group”un kütləvi təklif prosesini dayandırmışdı.