"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, Z. Ağayeva bir müddətdir xəstəlikdən əziyyət çəkirmiş.
Z. Ağayeva ilə vida mərasimi Bilgəhdə keçiriləcək və mərhum bu gün Bilgəh qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Z. Ağayeva 1934-cü ildə Hacıqabul rayonunun Qarasu kəndində anadan olub. Bakı Tibb Texnikumunu və ADPU-nun dil və ədəbiyyat fakültəsini bitirib, "Azərbaycan qadını" jurnalında işləyib. Müəllif “Özün seç, özün bəyən”, “İlk baharda gəlmişəm” və s. kitabların müəllifidir.
Onun sözlərinə bəstələnən mahnıları Flora Kərimova və başqa bir çox tanınmış müğənni ifa edib.
"Qafqazinfo" nəğməkar şairin yaradıcılığından sevilən şerlərini təqdim edir:
Necə Unudum Səni
Könlümün sirdaşısan,
Necə unudum səni?
Gözlərimin yaşısan,
Necə unudum səni?
Ürəyimdə qorundun,
Saçlarımda dən oldun,
Alnımın qırşısan,
Necə unudum səni?
Çəmən yaşıl, göy dəniz.
Ömrə vaxtsız-vədəsiz
Gətirmisən qışı sən,
Necə unudum səni?
Ürəyimdə qorundun,
Saçlarımda dən oldun,
Alnımın qırşısan,
Necə unudum səni?
Arzuya-kama çatdıq,
Biz bir dünya yaratdıq,
Torpağı mən, daşı sən,
Necə unudum səni?
Ürəyimdə qorundun
Saçlarımda dən oldun
Alnımın qırşısan,
Necə unudum səni?
***
Xoş deyilsə arzu dilək,
Daşa dönüb donsun ürək,
Ovutmaqçün qəlbimizi
Aldatmayaq bir-birimizi,
Vəd etməyək göydə ayı,
Bir-birimizə bu dünyanı.
Necə böllük biz dənizi?
Aldatmayaq bir-birimizi.
Ürəyini vermə dilə,
Qanqal deyər qızılgülə,
Yalanlaşar bu yer üzü,
Aldatmayaq bir-birimizi.
Bir ömürçün əsə-əsə
Gəl düşməyək min həvəsə.
Tərk edecek ömür bizi,
Aldatmayaq bir-birimizi.
***
Unuda Bilmirəm
Demirəm ki, çiçək idin, solmusan,
Yuxu olub gözlərimə dolmusan.
Ürəyimdə buz bağlayıb donmusan,
Yenə səni mən unuda bilmirəm.
Yolların da geri döndü, ay gedən.
Bilmədim ki, sən xoşbəxtsən ya da mən.
Qəm yükündən saçlarıma düşüb dən.
Yenə səni mən unuda bilmirəm.
Həsrətindən dağa enər duman, çən
Sən gəlməsən necə xoşbəxt olum mən,
Dağıtmısan bu dünyanı getmisən
Yenə səni mən unuda bilmirəm.
Son xəbərlər
Son Xəbərlər