Altı dəqiqə ərzində həm BNA, həm polis cərimə yazdı

Altı dəqiqə ərzində həm BNA, həm polis cərimə yazdı
Oxunma sayı: 3173

Bakı şəhər sakininə avtomobilin dayanma qaydalarını pozduğuna görə altı dəqiqə ərzində həm Bakı Nəqliyyat Agentliyi (BNA), həm də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi cərimə yazıb.

Vətəndaş Səidə Hüseynova “Qafqazinfo”ya müraciət edərək bildirib ki, sentyabrın 22-də, saat 14:53-də avtomobili Süleyman Rəhimov:191 ünvanında park edib: “İlk olaraq həmin dəqiqədə BNA, sonra da yol polisi saat 14:59-da protokol tərtib edib. Yol polisi cəriməni yazanda BNA tərəfindən eyni cərimə protokolu artıq təxminən 5 dəqiqə əvvəl yazılmışdı. Mən avtomobili heç yerə sürməmişdim. Qanuna görə avtomobili heç yerə sürmürsənsə, o zaman bir protokol tətbiq olunmalıdır”.

Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirib ki, bu hal qanunsuzdur: “Protokollara diqqətlə baxıldığı zaman görünür ki, ilk cəriməni BNA yazıb. İkinci cərimə polis tərəfindən yazıldığı üçün məsləhətdir ki, vətəndaş DYP-yə müraciət etsin və cəriməsi silinsin”.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, vətəndaşa yazılan protokol ləğv olunacaq: “Bu məsələ ilə rastlaşan hər bir vətəndaş bilməlidir ki, bununla bağlı sivil yol var. Birbaşa protokolun icrasını həyata keçirən struktura DYP-yə yönlənmiş Asan Pay xətti var. Bu hal baş verdikdə, müraciət edildiyi zaman dərhal protokol ləğv olunur”.

Aynurə Yusubova