Amerikalı jurnalist Rusiyada həbs edildi - Yenilənib

amerikali-jurnalist-rusiyada-hebs-edildi
Oxunma sayı: 2785

11:54

ABŞ-də dərc edilən nüfuzlu “Wall Street Journal”ın (WSJ) müxbiri Evan Qerşkoviç Rusiyanın Yekaterinburq şəhərində saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

O, ötən gün FTX əməkdaşları tərəfindən Yekaterinburq Tarix Muzeyinin yaxınlığındakı “Bukovski Qril” restoranında saxlanılıb.

Qerşkoviç casusluqda ittiham olunur. Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, jurnalist ABŞ-ın göstərişi ilə Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında dövlət sirri təşkil edən məlumatlar toplayırmış.

Bildirilir ki, Evan rusların “Vaqner” özəl hərbi şirkəti ilə münasibətləri barədə material hazırlayıb, yerli fəallardan müsahibə alıb.

13:25

“The Wall Street Journal” jurnalistin saxlanılması ilə bağlı bəyanat yayıb. Nəşr martın 30-da səhər saatlarında Yekaterinburqda saxlanılan Rusiyada işləyən jurnalist Evan Qerşkoviçə qarşı casusluq ittihamlarını qəti şəkildə rədd etdiyini açıqlayıb: ““The Wall Street Journal” FTX-nin ittihamlarını qətiyyətlə rədd edir və etibarlı və sadiq müxbirimiz Evan Qerşkoviçin dərhal azadlığa buraxılmasını tələb edir”.

17:12

TASS-ın hüquq-mühafizə orqanlarına istinadən məlumatına görə, Moskvanın Lefortovo Məhkəməsi 32 yaşlı amerikalı jurnalist Evan Qerşkoviçi casusluq ittihamı ilə həbs edib.

Məhkəmənin Mətbuat xidmətindən Lenta.ru-ya verilən məlumata görə, həbs müddəti mayın 29-dək müəyyən edilib. Qerşkoviç şübhəli şəxs statusundadır.

Jurnalistin vəkili Daniil Berman bildirib ki, onun məhkəmə prosesində iştirakına icazə verilməyib. Onun maraqlarını təyin edilmiş müdafiəçi təmsil edib.