Anadangəlmə iflic olan Xədicəyə 12 il sonra əlillik verildi - Video

anadangelme-iflic-olan-xediceye-12-il-sonra-elillik-verildi
Oxunma sayı: 1845

Ucar rayonunda yaşayan 12 yaşlı Xədicə ​anadangəlmə iflic xəstəsi olsa da, bir gün belə buna görə əlillik pensiyası ala bilməyib. Qəribədir ki, uşaq səhhəti ilə bağlı bir neçə dəfə xəstəxanada olsa da, indiyə qədər azyaşlının pensiya hüququ ilə maraqlanan, ailəni yönləndirən həkim olmayıb. 

“Qafqazinfo” xəbər verir ki, Xədicə ilə bağlı məlumatı sosial şəbəkə hesabında jurnalist Fuad Hüseynov noyabrın 19-da paylaşıb. Qeyd edib ki, o, nə yeriyə, nə də danışa bilir: “Bu uşağın 12 yaşı var. Amma baxan elə bilər ki, 3-4 yaşındadır. İndiyə qədər ağır xəstə olan bu uşağa əlillik dərəcəsi təyin edilməyib”.

O bildirib ki, Ucar rayonunun Bərgüşad kənd sakini Xədicə Mirsaliyevanın atası vəfat edib, anası isə xəstədir: “Heç kəsləri yoxdur ki, qabağa durub bu uşağa əlillik dərəcəsi ala bilsinlər. Görüblər heç kəsi yoxdur, ana da savadsızıdır, Ucar xəstəxanasından Forma 88 (göndəriş) verilməyib”. 

12 il pensiya hüququndan məhrum edilən Xədicə ilə bağlı elə paylaşım edilən gün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu göndərdik. 10 gün sonra verilən cavabda qurumun İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov bildirdi ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Ucar rayon sakini Mırsaliyeva Xədicə Şahin qızı ilə ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin edib: “Baxmayaraq ki, onunla bağlı ötən dövrdə elektron sistemə göndəriş daxil edilməyib, Agentlik tərəfindən Xədicə Mırsaliyeva yaşadığı ünvanda əyani müayinə edilib və müvafiq tibb müəssisəsi ilə əlaqə saxlanılaraq barəsində e-sistemə göndəriş daxil edilib. 

Beləliklə, qısa müddətə Xədicə Mırsaliyevanın əlilliyi qiymətləndirilib və ona orqanizm funksiyalarının 100% pozulmasına görə (I dərəcə) müddətsiz, yəni ömürlük əlillik təyin olunub. Həmçinin əlilliyinə görə ona aylıq sosial ödənişlərin təyinatı işləri aparılır”.

Lamiyə Məmmədova