Dekabrın 21-də Nizami Kino Mərkəzində Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” sənədli filminin təqdimatı keçirilib.
“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, filmin təqdimatında Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak edib.
Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsal etdiyi sənədli film Azərbaycanda müxtəlif din mənsublarının birgəyaşayışı üçün yaradılmış imkanlar, dinlərarası harmoniyanın təbliği məqsədilə hazırlanıb.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissoru Fuad Məmmədzadə, ssenari müəllifləri Fuad Məmmədzadə və Ramil Ələkbərov, quruluşçu operatoru Ziya Babayev və bəstəkarı Hafiz İbrahimlidir.
Çəkilişlər Azərbaycanın müxtəlif bölgələrindəki dini ibadətgahlarda, eyni zamanda, ölkəmizdə formalaşmış nümunəvi tolerantlıq və multikulturalizm mühitini, dinlərarası harmoniyanı, həmrəyliyi, mədəni müxtəlifliyi, birgəyaşayış dəyərlərini təbliğ və təşviq etmək məqsədilə noyabrın 5-də Bakıda keçirilən “Fərqliliyin rəngi” festivalında aparılıb.
Film fərqli din mənsubu olan üç rəfiqənin gündəlik həyatı və qarşılıqlı münasibətlərinin nümunəsində ölkəmizdəki tolerant mühiti işıqlandırır. Onların yaşayış tərzi, ailə münasibətləri, dini ibadətləri və dostluq əlaqələri fonunda Azərbaycanda hökm sürən qarşılıqlı anlayış, etimad və mədəni müxtəliflik mühiti tamaşaçıya çatdırılır.
Azərbaycan tarixini yaşatmaq, həqiqətləri olduğu kimi çatdırmaq Bakı Media Mərkəzi üçün yarandığı ilk gündən böyük önəm daşıyır. Mərkəz bu müddət ərzində ölkəmizin ən müxtəlif tarixi dövrlərini özündə əks etdirən “Hədəf Bakıdır”, “Miras”, “Tağıyev”, “Son iclas”, “Əbədi ezamiyyət”, “Biz” və “Şuşa, sən azadsan!” kimi ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmlər istehsal edib. “Harmoniya” sənədli filmi də “Bir günəş altında” sənədli filmindən sonra Azərbaycanda multikulturalizm ənənəsinin gündəlik həyatdakı təzahürlərini real insan hekayələri ilə əks etdirən ekran işidir.















Son xəbərlər
Son Xəbərlər