Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 2025-ci il üzrə “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə və “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinə dair illik hesabat təqdim edilib.
“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin birinci hissəsində “ASAN xidmət indeksi” üzrə qiymətləndirilmə və “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinin yekunlarına dair qısa təqdimat keçirilib və nəticələr açıqlanıb.
Sonra mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti, hüquqi şəxslər və digər büdcə təşkilatları üzrə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıb.
2025-ci ildə Dövlət Agentliyi tərəfindən 37 mərkəzi icra hakimiyyəti orqanının 215 xidməti, 85 yerli icra hakimiyyəti orqanının 253 xidməti və 15 hüquqi şəxsin və digər büdcə təşkilatlarının 43 xidməti daxil olmaqla, ümumilikdə 511 xidmət qiymətləndirilib.
“ASAN müraciət” informasiya sistemi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında yaradılıb. Sərəncama əsasən, “ASAN müraciət” informasiya sistemi ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı müraciətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin sistem üzərindən izlənilməsini təmin edir.
Hazırda sistem 77 yerli icra hakimiyyəti orqanı daxil olmaqla, ümumilikdə 99 qurumun iştirakı ilə ölkə ərazisi üzrə (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) fəaliyyət göstərir. Bugünədək “ASAN müraciət” mobil tətbiqinin istifadəçi sayı 80 mini keçib və sistemə 17 mindən çox müraciət daxil olub.
2025-ci il “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar arasında 1-ci yer Dövlət Miqrasiya Xidməti, 2-ci yer Dövlət Su Ehtiyatları Agentliyi, 3-cü yerdə isə Dövlət Gömrük Komitəsi qərarlaşıb. Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar arasında 1-ci yerdə Pirallahı Rayon İcra Hakimiyyəti, 2-ci yerdə Binəqədi Rayon İcra Hakimiyyəti, 3-cü yerdə isə Yasamal Rayon İcra Hakimiyyəti olub. Hüquqi şəxslər və digər büdcə təşkilatları arasında ən yüksək göstəriciləri olan qurumlar arasında 1-ci yerdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, 2-ci yerdə “Azəriqaz” İstehsalat Birliyi, 3-cü yerdə isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyidir. “ASAN müraciət” informasiya sistemi üzrə 2025-ci ilin yekunlarına əsasən, seçilən qurumlar arasında 1-ci yerdə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, 2-ci yerdə Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyəti, 3-cü yerdə isə Gəncə Şəhər İcra Hakimiyyəti qərarlaşıb.
Tədbir çərçivəsində dövlət qurumlarının nümayəndələrinə “ASAN xidmət indeksi” üzrə qiymətləndirmənin nəticələrinin geniş, interaktiv şəkildə təqdimatı keçirilib və suallar cavablandırılıb.



Son xəbərlər
Son Xəbərlər