İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi təsdiq edildikdən sonra onun yerini kimin tutacağı ilə bağlı suallar ortaya çıxıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, hazırda sözügedən postu tutmağa ən real namizəd kimi sərt xətt tərəfdarı olan Səid Cəlili göstərilir.
60 yaşlı Səid Cəlili 2007-2013-cü illər arasında Prezident Mahmud Əhmədinejadın dövründə İranın nüvə danışıqları üzrə əsas nümayəndəsi olub. Onun danışıqlarda sərt mövqe tutduğu bildirilir. Cəlili 2015-ci ildə altı beynəlxalq vasitəçi və İran arasında əldə olunmuş nüvə sazişinə qarşı olub.
1965-ci ildə Məşhəddə dünyaya gələn Cəlilinin atası kürd, anası Cənubi azərbaycanlıdır. O, İran-İraq müharibəsi (1980-1988-ci illər) zamanı sağ ayağını itirib və bu səbəbdən tərəfdarları arasında “Canlı şəhid” ləqəbini alıb.

Cəlili 2013, 2021 və 2024-cü illərdə İranda keçirilmiş prezident seçkilərində iştirak edib. O, 2013-cü il seçkilərində üçüncü yeri tutub. 2021-ci il seçkilərində namizədliyini İbrahim Rəisinin xeyrinə geri götürən Cəlili 2024-cü il seçkilərində yalnız ikinci turda hazırkı Prezident Məsud Pezeşkiana məğlub olub.
Laricaninin boş qalan postuna digər namizəd isə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş baş komandanı 71 yaşlı general Möhsün Rzayidir. O, bu yaxınlarda İranın yeni Ali Lideri Ayətullah Müctəba Xameneinin hərbi müşaviri təyin edilib. Rzayi 1981-ci ildə, cəmi 27 yaşında olarkən SEPAH-ın baş komandanı təyin edilib və 1997-ci ilədək bu vəzifəni icra edib.
Rzayi 2021-ci ildə keçirilmiş prezident seçkilərində iştirak edib və İbrahim Rəisidən sonra ikinci yeri tutub.

Son xəbərlər
Son Xəbərlər