Partiyalar bəyanat yaydı - Yenilənir

partiyalar-beyanat-yaydi
Oxunma sayı: 2901

Azad Vətən Partiyası bəyanat yayıb.

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda deyilir:

“30 illik işğal tarixi Vətən müharibəsi ilə başa çatdıqdan sonra Azərbaycan dövlətinin dünyada olan nüfuzu görünməmiş dərəcədə artdı, xalqımız isə cəmi 44 günün ərzində məğlub xalqdan qalib xalqa çevrildi və bütün bunlar dünya azərbaycanlılarında böyük ruh yüksəkliyi yaratdı. Vətən müharibəsinin məntiqi davamı olan 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatları isə prosesə nöqtə qoydu və Azərbaycan 200 ildən artıq müddətdə üzləşdiyi qanunsuz miqrasiya təhdidindən xilas oldu, öz ərazi bütövlüyünə və suverenliyinə qovuşdu.

Baş verən bu dəyişikliklər fonunda növbəti ən məntiqli addım heç şübhəsiz Prezident seçkiləri ola bilərdi. Ötən ilin dekabr ayında belə bir qərarın verilməsi Azərbaycanın yenilənməsi və inkişafına yeni nöqtədən başlaması haqqında ən doğru mesaj oldu. Prezident seçkiləri elan ediləndən qısa müddət sonra Azad Vətən Partiyası bu seçkilərə namizədlə qatılmayacağını və namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən qalib Prezident İlham Əliyevi dəstəkləyəcəyini bildirdi.

Azad Vətən Partiyası seçkilərdə müşahidəçi kimi təmsil olunmaq üçün öz üzvlərini MSK-da və Dairə Seçki Komissiyalarında qeydiyyatdan keçirdi. Partiyanın müşahidəçiləri səsvermə günü onlarla dairə və məntəqədə seçkiləri canlı müşahidə edərək öz qeydlərini partiyanın qərargahına təqdim etdilər. Bu gün analiz edilən müşahidəçi qeydləri göstərib ki, prezident seçkiləri beynəlxalq normalara və milli qanunvericiliyə, həmçinin Mərkəzi Seçki Komissiyasının hazırladığı prosedurlara uyğun keçirilib, seçicilərin öz iradələrini sərbəst ifadə etmələri üçün tam təminat yaradılmış, müşahidə aparılan məntəqələrdə və dairələrdə hansısa qanun pozuntusu qeydə alınmayıb.

MSK-nın elan etdiyi nəticələrə görə seçkilərdə Qarabağı azadlığa qovuşduran, xalqımıza böyük qələbələr bəxş edən Prezident ilham Əliyev yenidən millətimizin böyük etimadını qazanaraq Azərbaycan Prezidenti seçilib. Biz bu nəticəni xalqın siyasi iradəsinin göstəricisi hesab edir, qələbə münasibətilə bütün xalqımızı və Prezident İlham Əliyevi təbrik edirik. Biz inanırıq ki, bu seçkinin nəticəsi Azərbaycan xalqına yeni qalibiyyət həyatı bəxş edəcək”.

***

Milli Dirçəliş Hərəkatı Partiyası da bəyanat yayıb.

Bəyanatda deyilir:

“Prezident seçkilərində böyük təcrübəsi olan Milli Dirçəliş Hərəkatı Partiyası Azərbaycanda keçirilən növbəti Prezident seçkilərində birbaşa namizədlə deyil, seçkiləri müşahidə missiyası ilə təmsil olunub. Partiya öz müşahidəçilərini qanunvericiliyin tələblərinə uyğun şəkildə qeydiyyatdan keçirib və müşahidəçilər seçki günü səsvermənin izlənməsi, müvafiq məlumatların Partiyanın qərargahı ilə paylaşılması üçün təlimlərə cəlb edilib.

Seçki günü səsvemə prosesini yüzdən çox partiya üzvü ayrı-ayrı məntəqlərdə canlı müşahidə eedib. Onların günün müxtəlif saatlarında verdiyi məlumatlara əsasən Milli Dirçəliş Hərəkatı Partiyasının  7 fevral tarixində baş tutmuş prezident seçkiləri ilə bağlı vahid rəyi hazırlanıb. Bu rəyə əsasən bildiririk ki, prezident seçkilərində səsvermə prosesi Mərkəzi Seçki Komissiyası tərəfindən yüksək səviyyədə təşkil edilmişdir. Məntəqələr bütün zəruri avadanlıqla təchiz olunub, siyahılar zamanında dəqiləşdirilib və məntəqələrə yerləşdirilib. Səsvermə günü seçici fəallığı çox yüksək olub, seçkiləri sosial mənsubiyyətinə, peşəsinə və ya siyasi baxışlarına görə fərqlənən xeyli sayda yerli və beynəlxalq müşahidəçi izləmişdir. Birbaşa müşahidə apardığımız hər bir məntəqədə 10 və daha çox sayda müşahidəçi olub.

İlk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən bu seçkilər işğaldan azad edilən torpaqlarda da uğurla təşkil olunub. Bu seçkiləri ölkənin müstəqillik tarixinin ən demokratik, azad, ədalətli və şəffaf seçkisi hesab edirik. Qeyd etmək lazımdır ki, sakit və  dinc şəraitdə, heç bir qarşıdurma və ixtilaf olmadan keçirilən Azərbaycandakı prezident seçkilərini digər ölkələr üçün nümunə hesab edilə bilər.

Prezident seçkiləri xalqın iradəsini tamamilə əks etdirib və Azərbaycana böyük uğurlar və qələbələr bəxş etmiş İlham Əliyev Azərbaycanın yeni prezidenti seçilib. Azərbaycan xalqı Vətən müharibəsində olduğu kimi bu seçkilərdə də öz iradəsi və əqidəsi ilə qələbə qazanıb. Xalq və hakimiyyətin birliyi seçkinin uğurlu nəticəsini müəyyənləşdirib. Seçkidən dərhal sonra xalqın bu qələbəni bayram etməsi seçkilərin ədalətli keçirildiyini və xalqın istəyini ifadə etdiyini bir daha təsdiqləyir. Milli Dirçəliş Hərəkatı Partiyası bu möhtəşəm qələbə münasibətilə İlham Əliyevi təbrik edir, partiyamızın çoxsaylı üzvləri adından Prezidentə Azərbaycan naminə yeni-yeni qələbələr arzulayırıq”.