Ötən gün günorta saatlarında Nərimanov rayonu, Nazim Hacıyev 6 ünvanındakı 4 mərtəbəli köhnə, qəzalı binanın tavanı uçub-dağılıb. Hadisə nəticəsində bütün mənzillər yararsız hala düşüb.
“Qafqazinfo” Baku TV-yə istinadən xəbər verir ki, xoşbəxtlikdən mənzillərdə kimsə olmadığından xəsarət alan olmayıb.
Həmin binada yaşayan sakinin sözlərinə görə, hadisə zamanı işdə olub: “Yaxşı ki, evdə olmamışam. İşdən gələndə mənə zəng elədilər ki, evin uçub, tez gəl, yoxsa çoxdan ölmüşdüm, Allah bilir nə gündə idim. İkinci mərtəbədə yaşayırdım. Bir ildir evimin damı uçub... İcra Hakimiyyətinə gedib-gəlməkdən yorulmuşam. Baxan olmayıb bizə. Ev tamam uçandan sonra indi deyirlər ki, sabah gələrsiniz, məsələni həll edərik”.
Başqa bir sakin isə deyir ki, artıq qorxu içində yaşayırlar: “Bu, 41-ci ildə tikilən binadır. İndi artıq çox qəzalıdır. Yaşamağa ev-eşik yox, pul yox... Biz də məcbur olub burada qalırıq. Dördüncü mərtəbədən birinci mərtəbəyə qədər binanın tavanı düşüb. Biz də burada əzabla, qorxu içində yaşayırıq. Heç indiyə qədər qorxmurduq. Niyə? Ona görə ki, uçmurdu. Evdə körpələr var. Uçub düşdü uşağımın başına, balalarım əlimdən getdi, nətər olacaq?”
Vətəndaşlar bildirib ki, bir neçə il əvvəl də oxşar hadisə baş verib: “Bir neçə sakin köçürüldü, amma binanın damı hələ də qəzalı vəziyyətdədir. Həmişə dam uçur. Bu dəfə də xoşbəxtlikdən Arifə xanım evdə olmayıb, ancaq bina uçub, özü də xəsarət olmayıb. Cəmi bir saat tez gəlsəydi, bəlkə də, o da həlak olardı orada. İcra Hakimiyyətinin işçiləri gəldilər, söz verdilər ki, qısa zamanda bina söküləcək. Burada da maşın saxlamışdılar, zərər görüb. Burada ümumiyyətlə yenidənqurma, bərpa işləri, yəni yeni binanın tikilməsi ilə bağlı layihə 6 il bundan öncə başlayıb, lakin hələ də tam yekunlaşmayıb. İndi söz verdilər ki, bu məsələ yekunlaşacaq”.
Daha ətraflı süjetdə:
Son xəbərlər
Son Xəbərlər