“Azərbaycan cinayətkarın ən sərt şəkildə cəzalandırılmasını gözləyir” - Yenilənib

azerbaycan-cinayetkarin-en-sert-sekilde-cezalandirilmasini-gozleyir
Oxunma sayı: 3236

“Azərbaycanın gözləntisi ölkəmizin Tehrandakı Səfirliyinə qarşı cinayəti törədən şəxsin ən sərt şəkildə cəzalandırılmasıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu ilin yekunlarına dair keçirilən mətbuat konfransında XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Tehrandakı Səfirliyinin açılacağı müddət barədə danışarkən deyib.

O qeyd edib ki, sözügedən şəxslə bağlı İran tərəfindən məhkəmə prosesinin başlama tarixi də bildirilib: “Məhkəmə və onun nəticəsindən asılı olaraq qərar qəbul ediləcək”.

Xatırladaq ki, 2023-cü ilin yanvarın 27-si Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı Səfirliyinin fəaliyyəti dayandırılıb.

***

XİN rəhbəri Azərbaycanın Livandakı Səfirliyinə hücumlardan da danışıb: “Livanda son illər əzində Azərbaycan Səfirliyinə hücum halları olub. Bunlar isə erməni diasporunun aqressiv nümayəndələri tərəfindən törədilib. Bəzi hallarda bu hücumlarda minə yaxın şəxs iştirak edib. Xoşbəxtlikdən səfirlik əməkdaşları xəsarət almayıb. Livan polisi hücumlarda iştirak edən bütün şəxsləri müəyyən edib, onlar barəsində ilkin istintaq aparılıb”.

Günel İbrahimova