“Bu, bazarda qiymətlərin stabilləşməsinə gətirib çıxaracaq” - Yenilənib

bu-bazarda-qiymetlerin-stabillesmesine-getirib-cixaracaq
Oxunma sayı: 605

“Otlaqlar yem üçün əsas bazadır. İqlim dəyişikliyi və bir sıra digər səbəblərlə əlaqədar yetərli təminat yoxdur. Qoyunçuluğun inkişafı üçün subsidiyalaşmanın tətbiqinə başlamaq istəyirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında bildirib.

Nazir müavini qeyd edib ki, heyvandarlıq idarə oluna bilməyən sektordur: “Ət təminatının yaxşılaşdırılması üçün intensiv təsərrüfatçılığın inkişafı nəzərdə tutulur. Məhsuldarlığın artması bazarda qiymətlərin stabilləşməsinə gətirib çıxaracaq. Amma bu sahədə dövlət tənzimlənməsi nəzərdə tutulmur. Yəni kənd təsərrüfatı məhsullarının qiyməti ilə bağlı tənzimləmələr nəzərdə tutulmur. Sadəcə bazarda stabilləşmə mümkündür. Dünyanın bir sıra ölkələrində inflyasiya var. Bunun da iqtisadi səbəbləri var. Bu da məhsulların maya dəyərini artırır”.

***

Zaur Əliyev həmçinin bildirib ki, Dövlət Proqramının icrası nəticəsində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində yaradılan ümumi daxili məhsulun 2026-2030-cu illər üzrə orta illik artımı ən azı 2.0% təşkil edəcəyi gözlənilir. 

O qeyd edib ki, həmçinin kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracı həcminin orta illik 6% artacağı gözlənilir: “Buğda və pambıqçılıqda orta məhsuldarlıq artacaq. Qarşıya qoyulan hədəflərə nail olmaq üçün Dövlət Proqramında müəyyən edilmiş əsas istiqamətlərdən biri strateji əhəmiyyəti və ərzaq təhlükəsizliyi nəzərə alınmaqla taxılçılıq sektorunun inkişafı ilə bağlıdır. 2030-cu ilədək ixtisaslaşmış rayonlarda buğda üzrə hər hektardan orta məhsuldarlığın 50 sentnerə çatdırılması hədəflənir. Bununla da istehsalda təqribən 20% artıma nail olmaqla, özünütəminetmə səviyyəsinin yüksəldilməsi hədəfi müəyyən edilib”.

Nazir müavini əlavə edib ki, Proqramda pambığın məhsuldarlığının artırılması və klaster inkişafına nail olunması ilə bağlı tədbirlər müəyyən edilib: “2030-cu ilədək ixtisaslaşmış rayonlarda pambıq üzrə hər hektardan orta məhsuldarlığın 50 sentnerə çatdırılması, həmçinin emal məhsullarının həcminin 4 dəfəyə qədər artırılması hədəflənir”.

Gülnar Əliyeva