Azərbaycanlı yazıçının Nobelə namizəd olan əsərindən bir parça – “Yarımçıq əlyazma”

azerbaycanli-yazicinin-nobele-namized-olan-eserinden-bir-parca-yarimciq-elyazma
Oxunma sayı: 864

Oxucularımızın istəyini nəzərə alaraq "Qafqazinfo" yazıçının “Nobel”ə namizəd olan “Yarımçıq əlyazma” əsərindən bir parçanı təqdim edir.

Şahın heç hövsələsi çatmadı ki, səfirlərlə düz-əməlli bir söhbət eləsin. Səbəbini bir özü bilirdi, bir də Hüseyn bəy Lələ. Amma yox, Şaha baxıb Vəzir də onun tövrünün nə üçün bu cür olmağına hər bir dərinliyi ilə olmasa da hər halda bir səbəb tapırdı. Əlbəttə ki, Şah Lələ ilə bir-iki kəlmə kəsəndən sonra belə bir hala düşdü. Səfirlərin nə deyib-demədiklərinə elə bil heç qulaq da vermirdi, halbuki onların bu boyda yolu yorub uzaq-uzaq yerlərdən buralara gəlib çıxmalarını özü xeyli vaxt idi səbirsiz gözləmişdi.

- Şahım, qurban olduğum, bu soruşur ki, bizlərdən də onların məmləkətinə elçilər göndərmək niyyəti varmıdır qədəmi-mübarəkin? – Vəzir ağzını Şahın lap qulağına yapışdıracaq idi ki, Şah onun sözlərinə nəhayət ki, mültəlif oldu, başını çəkdi kənara:

- Niyə, pis fikir deyil. İnşallah, belə bir niyyətimiz vardır, - dedi. – Biz hər bir əmələ başlamazdan əvvəl bir “inşallah” deyərik. Tərcümə elə...

Səfirlər dörd kişi idilər. Biri türkcəni bilirdi. Tərcümanlığı da o edirdi.

- Səfir ağa, deyirsən neçə müddətdir ki, yol gəlirsiz? – Şah tərcüməçini gözləmədən dübarə sual etdi.

- Bir ildən çox olar, qibleyi-aləm.

- Bir il. Bu yolları ki, siz keçib gəlmisiniz, ənam düşür hər birinizə. Paytəxt də, deyirsən ki, suların içindədi? – Şahın səsində istezadan çox, bir inamsızlıq var idi. – Yaxşı, bəs belə...
– Yenə tərcüməni gözləmədən son sözünü demək üçün artıq ayağa qalxdı. Şaha baxıb hamı dərhal yerindən sıçradı, durdu. Şah dedi:

- Yol gəlmisiniz, yorulmusunuz. Vəzir, sən özün nəzər yetir, qonaqlara yaxşı-yaxşı qulluq etsinlər, xidmətlərinə dursunlar. Bir-iki gündən sonra söhbətimizə yenidən davam edrik, inşallah.

Daha heç kimə baxmadan Şah yeriyib səbirsiz təxt otağını tərk elədi. Vəzir, səfirlər, elə ayaq üstəcə baş endirib dondular. Sonra Vəzir qaldı səfirlərlə bir yerdə və bir qədər narahat-narahat yenidən əyləşib söhbəti çalışdılar davam etdirsinlər. Səfirlər öz paytaxtları barədə, yol keçib gəldikləri yerlər, məmləkətlər barədə, üzünü görməyib və adını eşitmədikləri irqlər, xəlqlər barədə danışdıqca Vəzir hər cür sözə diqqət edir, beyninə yazdığını beyninə, kağıza yazdığını kağıza yazır. “birdən işdi şayət, qurban olduğum soruşsa bilim nə cavab verirəm” deyə fikirləşir, amma dərində bütün marağı Şahla Lələnin yanında idi deyin, həmişə olduğundan daha diqqətsiz idi və tez-tez səfirlərdən bunun, yaxud o birisinin sözünü kəsir, indicə eşitdiyini bir daha soruşur, bir daha mətləblərin gizlin mərtəbəsinə vaqif olmaq istəyirdi. Səfirlər isə artıq bir qədər rahat şəkildə söhbətlərinə davam edir, bu çal saç, gözləri dalğın rəyasət damının hər bir sualına xeyli ətraflı müfəssəl cavablar verirdilər.

- Bizimkilər siz tərəf gəlsələr əgər, Osmanlı torpaqlarından keçib getməlidirlər, dediniz. Yəni bir başqa yolumuz heç yoxdur? – Vəzir yenə dalğın-dalğın soruşdu.

- Səfirbaşı bir bənizi solğun rumlu idi, sualı anlayan kimi xeyli fikrə getdi, xəritə açıb ona nəsə göstərən o biri səfirlə nə barədə isə danışdı, sonra üzünü Vəzirə çöndərib cavab verdi. Tərcüman onun cavabını belə dilə gətirdi:

-Vəzir həzrətləri, necə ki ərz elədim , ən qısa yol budur ki var, o da keçib Osmanlı torpaqlarından gedir. Bundan savayı da yollar vardılar. Özü də bir neçəsi var. Amma çün uzun çıxırlar və zamanına görə də bu qısa yolu üstələyirlər, və həm də ki təhlükəsiz də olmurlar, məsləhət deyillər. İlnən yol getmək lazım gəlir. Dənizlərdən keçmək tələb olunur. Yolkəsəni, qulduru var... Əgər Şah, qurban olduğum, sadağa olduğum izin verərsə bir başqa yolun beynimizdə inşasına başlarıq. Yolun istiqamətini əvvəlcə cızarıq. Osmanlıdan keçərsə, Osmanlıdan keçsin. Osmanlının heç xəbəri də olmaz.

- Əlbəttə ki. Əlbəttə ki. Mürşidi-kamilim ilə bu barədə daha ətraflı müzakirə ediləcəkdir, inşallah. Belə... Bəs deməli, sizin xəritəyə görə Osmanlı bizimlə sizin düz ortamızda bərqərar olubdur... Nolar... Çox calibdi... – Və birdən – Yəni doğurdan sizin paytəxt dənizin içindədi? – Vəzir qəflətən soruşdu.

Səfirlər bir-birinin üzünə baxıb artıq neçənci dəfə bu sualı təsdiqləyə-təsdiqləyə qaldılar. Vəzir özü üçün daha bir para qeydlər dəftərinə edib xeyli nəvazişkaranə qonaqları nahara dəvət etmək istədiyini bildirdi. Hamı razılıq edərək ayağa qalxdı. Vəzir “çox gözəl, çox pakizə, buyurun” deyə-deyə düşdü qabağa və arxasınca səfirlər, digər əyanlar divanxanadan çıxdılar. Divanxana qaldı boş.
xxx

Şah arxa baxçadan tələsik keçərək bağçanın bir küncündəki özünün gizli istirahət otağına buyurdular. Lələ Şahın gəlməsini hənirtisindən hiss eləyib qapını açdı, tezcə də Şahın dalınca qapını bağladı. Şah gözü ilə Lələdən sual etdi, nəsə soruşdu, Lələ başını əydi və Şah daha durmayıb rəxtxab otağına keçdi. Bir nəfər gənc burada pəncərənin qabağında dayanıb həyəcanlı durmuşdu və Şahı görən kimi bu şəxs üzüqoylu oldu yerə çökdü. Şah rubəndini çıxardı, gedib dayandı gəncin qabağında, diqqətlə başladı buna tamaşa eləməyə. Hüseyn bəy Lələ də gəldi dayandı Şahdan bir qədər aralı. əlləri qoynunda, əmrə müntəzir oldu.

- Hələ bir dur ayağa görüm, gəl bu tərəfə, işığa gəl – deyə Şah bu gənc oğlanı işıq tərəfə çəkib, üz-gözünü baxıb seyr eləməyə başladı. – Əhsənül əhsən. Xüdavəndi-aləm bu an bundan gözəl heç nə yaratmayıbdır, - dedi, bir müddət sonra nəhayət baxmağına ara verdi, çəkilib rəxtxabın yanındaki rumi sandalyasına oturaraq üzünü Lələyə tutdu:

- Lələ, hələ de görüm bunu haradan tapıb gətirmisən? – Sonra bir daha özünü saxlaya bilmədi, - sənin özünə də min dəfə əhsən düşür ki... – Lələyə dedi.

Lələ nəfəs dərmədən sözə başladı:
- Sadağa olduğum, mürşüdi-kamilim, sənin tapşırığını alınca o saət anladım ki, bu iş çox ciddi dövlət işidir. Maşallah ki, müdrikliyinə söz yoxdur. Kəndbəkənd özüm gəzməyə başladım, bir adamdan ki, soruşa bilməzdim, çün sirri faş edərdim. Ona görə, sadağa olduğum, qədəm-qədəm məmləkəti gəzdim. Bir neçəsi var idi Burnu oxşayanda çənəsi oxşamırdı, çənəsi oxşayanda qulağı düz gəlmirdi. Əlqərəz bu oğlanı ki, görürsən bundan bənzərlisini tapa bilmədim. əgər sən də bunu bəyəndinsə...

- Bəyəndim, çox bəyəndim. Adı nədir hlə bunun?

- Adı Xızrdır, Şahım. – Lələ oğlana gözünü ağardıb onu qabaqladı. Elə bil oğlan özü istəmişdi Şaha cavab verməyə.

- Məsələdən agah etmisən özünü? – Şah soruşdu.

- Etmişəm, qurban olduğum. Hər bir əmrinə müntəzirdir.

- Nə gözəl... O zaman elə birinci işi də olsun sabah tezdən səninlə bahəm camaat arasına sübh namazına çıxmaq.

- Baş üstünə, Şahim. Bəs sən özün sübh tezdən şəhər seyrinə çıxacaqdın?! Bazara getmək istəmişdin...

- Mən şəhərə Vəzirlə çıxacam. Amma... ona bu barədə bir kəlmə də - olmaz! Özün ki, bilirsən. Əsas məqsədimiz mənim eyni zamanda iki başqa-başqa yerdə olmağıma camaatı, saray əhlini, uşaqdan böyüyə hamını inandırmaqdı. Biz səninlə belə danışdıq. Di hazırla, yaxşı-yaxşı yerişimi, ədalarımı öyrənsin, amma... elə billəm ki, rubəndsiz bir qədər tez olar sən nə deyirsən? – Şah soruşdu.

- Tez olar, qurban olduğum. Hələ bir qədər tez olar. Bu işdə tələsmək heç olmaz. Yavaş-yavaş hər bir iş düzələr. Çox doğru buyurursan, rubəndsiz həl tezdir.

- Şah bir daha Xızra diqqətlə nəzər yetirdi. Elə bil ki, onun çöhrəsində hamıdan gizlənmiş nə isə bir xətt, bir ləkə tapacaqdı. Tapmadı, rahat olub ayağa qalxdı:

- Yaxşı, mən getdim. – Sonra yan-yörəyə nəzər saldı.

- Bunu yatdığı yer gözdən uzaq yerdi, elə bura olsa yaxşıdır. Otağın bir küncündə yorğan-döşəyini salarlar. Hə, Lələ... Yaxşı unutmadım, bir də buna şətrənc oynamağı öyrədərsən.

- Baş üstünə, Şahim. Öyrədərəm. Hələ bu özü... – Lələ sözünü gətirmədi.

- Hə, bu özü nəmənə?

- Bu özü... – Lələ duruxdu, bilmədi doğrumu edir bu sözü deyir, ya doğru etmir, amma ki ox yaydan artıq çıxmışdı. – Bu özü, Şahim, şer də yazmağı var.

- Şer yazmağı var? – Şah təəccüb etdi.

- Bəli, yazır, Şahim.

Şah daha başqa bir şey soruşmadı. Oğlana yenə də ötəri bir nəzər salıb daha durmayıb otaqdan çıxdı. Lələ onu yenə də qapıya qədər ötürüb qayıdıb gəldi Xızrın yanına. Bardaş qurub yerdə xalça üstünə əyləşdi. İşarət etdi, Xızr da gəlib onunla üzbəsuat oturdu. Hər ikisi susdu. Bir xeyli bu tövr susmuş oturdular.
xxx

Zaman keçdikcə Xızr sadağa olduğuma daha çox oxşamağa başlayırdı. Lələ ona Şahın qiyafəsində getdikcə daha tez-tez camaat arasına çıxmağına izin verirdi. Hələ divanxanada oturub əli ilə rubəndinin qızıl saçaqlarını bir-bir “sığallayanda” barmaqları qızıl üstündə burulub açılan zaman hamı ətrafdakılar lal-dinməz oturub başlarını aşağı əysələr də gözləri ilə bu barmaqların hərəkətini müşaiyət edər, Şahın, yəni Xızrın mübarək vücuduna təhsin söyləyərdilər. Duruşu, oturuşu, başını yana tutması, qədd-qamətini heç əymədən əlini yuxarı qaldırıb sərt bir hərəkətlə “xamuş” işarətini verməsi, bir söz, hər bir əzası, tərzi ilə Şah idi ki, vardı. Artıq Lələ ona şətrənc oynamağı da öyrətmişdi. Hərdən hamı gözətçiləri Lələ bağçadan çıxarıb qızılgüllərin arasında yer düzəldərdi, Şahla Xızr şətrənc oynardılar, o da tamaşa edərdi. Şah bu arxa baxçadakı güllüyü çox sevərdi. Boş vaxtlarında bura gəlib baş çəkib, Xızrı yanına istər, onunla söhbət edər, kəndindən, evindən-eşiyindən xəbər tutardı. Xızrın əsil paytəxtdən uzaqdakı bir dağ kəndindən idi. Atası sağ idi, bir də bacıları qalmışdı. Anası ölmüşdü, dağ seli aparmışdı anasını. Evin bütün işini böyük bacısı Zərnisə vardı, o görərdi. Atası da artıq yavaş-yavaş qocalmışdı. Şah qulluğuna getməmişdi. Bir dəfə yüzbaşılar kəndbəkənd adam yığanda Şahın Dağıstan səfəri zamanı qızılbaşlara qoşulmuşdu, amma ki, sonra geri döndüyündən nə üçünsə onlardan aralanmışdı. Əkər, biçər, məhsulunu yığar, Ərdəbilə, yaxud Təbrizə gələr, malını satar, geri dönər, ailəsini yarıac, yarıtox birtəhər dolandırardı. O biri bacısı Pərnisə kiçik idi. Xızr ona baxıb anasız böyüyən bu tiflin...

Şahla bağlı hissənin bu yerində aşağıdan bütöv bir sətir oxunmur, ondan sonrakı səhifə isə ümumiyyətlə yoxdur. Sonrakı təsvirin əvəllkilərlə bir əlaqəsi duyulmur. Xızrın ailəsi barədə, hadisələri qabaqlasaq bircə onu demək olar ki, daha heç bir ətraflı məlumat almayacağıq. Bəs o zaman bu ailə ilə bağlı hər hansı məlumatın verilməyə başlanması nə demək idi?! Sonrakə hadisələr zamanı Xızrın taleyinin ağlasığmaz matamorfozasından atasının, bacılarının taleyinə bir pay düşdümü, düşmədimi?! Bu barədə də qəti bir söz demək çətindir, bəlkə də heç mümkün deyil. Yarımçıq Əlyazmanın qeyb olmuş sirlərdən biri də budur.
xxx

... bu necə olur ki, sən hər gün şer yaza bilirsən?! Bunun bir sirri vardır, əlbəttə.
Şah bu sualı verdi və zənlə Xızra baxdı. Xızr diqqətini oyuna elə vermişdi ki, qibleyi-aləmin sözlərinə əvvəl-əvvəl eşitsə də mültəfit olmadı. Lələ qurcuxdu, Xızrı dümsükləmək istədi, Şah qoymadı:

-Qoy düşünsün, işin yoxdu, çətin məsələ vermişəm ona. Lələ, bir ora bax... – Şah bir qədər o tərəfdəki qızılgül kollarından birinə tərəf uzatdı əlini.

Lələ Şah göstərən tərəfə baxıb gördü ki, bir balaca quşcuğazdı, ilişib qalıb bir az kənardakı qızılgül kollarının arasından çıxıb qurtula bilmir.

-Get onu azad elə, uçsun getsin. – Şah Lələyə dedi. – Sən isə, - üzünü Xızra tutdu, - nə qədər də düşünürsən düşün, bu cür vəziyyətin heç bir çixiş yolu olmasın gərək. Şahının işi xarabdır, gedə. İflic oldu. Təslim olmaqdan qeyri çarən yoxdur.

Daha cavab gözləmədən əlini dizinə vurub Şah ayağa durdu. Lələ artıq kolluqdan çıxardığı quşcuğaz əlində gəlib Şahın yanına durdu.

-Şahi- Mərdan xətrinə, zülm eləmə bu yazığa. Burax onu, uçub getsin. – Şah dedi.

Lələ əlini göyə açdı, quşu buraxdı, quşcuğaz göydə bir dövrə vurdu, uçdu getdi.

-Amma demədin, sən axı bu şerləri nə təhər yazırsan?! O gün birin yazdın, bu günkü bir başqası idi. O gün söylədiyin nə idi, necə idi, bilmənəm, amma çox xoşuma gəldi.

Xızrın gözlərində işıq bərq vurdu, çöhrəsini xoş bir təbəssüm bürüdü:
-Sadağa olduğum, sənin şövkətinin ilhamıdı, gəlib girir könlümə.
-Ustadına bərəkallah. Sən də bəyəndin, Lələ, ya necə?
-Bəyəndim, mən də çox bəyəndim, sadağa olduğum...

Şah razı-razı gülümsündü, tezcənə də ciddiləşdi. Bu tövr ilə bu ayaqüstə söhbətinə artıq son verdi, ayağa qalxdı, götürüb rubəndini üzünə taxdı. Bu isə o demək idi ki, çixib gedir. Sabah ağır gün idi. Hərbi məşvərət çağırmışdı. Düşüncəsi, fikri-zikri Şahın son zamanlar ancaq özbək Şeybani idi. Bilmirdi nə üçün, amma onun əlindən zəncir çeynirdi. Uzaqdan uzağa zindeyi-zəhləsi gedirdi Şeybanidən. Hərbi səfərə hazırlıq başlatmışdı. Nə olacaqdı, necə olacaqdı, bir xudavəndi-aləm bilirdi, bir də ki...