BAAU ilə “IDTECH” MMC arasında IT sahəsində əməkdaşlıq memorandumu imzalandı - Fotolar

baau-ile-idtech-mmc-arasinda-it-sahesinde-emekdasliq-memorandumu-imzalandi
Oxunma sayı: 843

Bakı Avrasiya Universiteti (BAAU) ilə “IDTECH” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə “IDTECH” MMC-nin nümayəndələri və BAAU-nun rəhbərliyi iştirak edib.

Görüş zamanı informasiya texnologiyaları sahəsində əməkdaşlıq perspektivləri, tələbələrin peşəkar inkişafının dəstəklənməsi, beynəlxalq sertifikatlaşdırma proqramlarına cəlb olunması və onların əmək bazarına hazırlığının gücləndirilməsi məsələləri müzakirə olunub.

Görüşdə BAAU-nun rektoru, dosent Səyavuş Qasımov, Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı dosent Mütəllim Rəhimov, Karyera və təlim mərkəzinin müdiri Natiq Xəlilov və digər nümayəndələr iştirak ediblər.

İmzalanan memorandumun əsas məqsədi təhsil və peşəkar inkişaf sahəsində strateji əməkdaşlığın qurulması, “IT Sertifikatlaşma və Karyera Proqramı”nın birgə hazırlanması və həyata keçirilməsidir.

Layihə çərçivəsində Red Hat Certified System Administrator (Linux), Cisco Certified Network Associate (CCNA), kiber təhlükəsizlik, Java proqramlaşdırma dilləri və IT və şəbəkə əsasları üzrə təlimlərin təşkili nəzərdə tutulur.

Yeni əməkdaşlığın BAAU tələbələrinin praktiki bacarıqlarının artırılmasına, beynəlxalq sertifikatlar əldə etməsinə və gələcək karyera imkanlarının genişləndirilməsinə töhfə verəcəyi gözlənilir.