“Bağ evimə girən oğru polisləri də söydü”

bag-evime-giren-ogru-polisleri-de-soydu
Oxunma sayı: 1949

Bakıda özünü kriminal aləmin üzvü kimi tanıdan şəxs bağ evinə basqın edib.

“Qafqazinfo”ya müraciət edən şəhər sakini İ.Şükürov bildirib ki, fevralın 6-da axşam saatlarında Binəqədi rayonu, Goradil bağlar sahəsi ünvanında yerləşən özünə məxsus bağ evində istirahət edərkən həyətdə səs eşidib: “Sonra bir nəfər şəxsin evimə daxil olduğunu gördüm. Həmin şəxsin hücumuna məruz qaldım və məni sağlamlığım üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələdi. Bu zaman ona polisə xəbər verəcəyimi dedim. O isə “Mən ağsulu Ramalam, heç nədən qorxmuram” deyərək polis orqanlarını nalayiq söyüşlə söydü. Bundan sonra həmin şəxs hadisə yerindən uzaqlaşdı. Mən dərhal gizli olaraq onun fotoşəklini mobil telefonumla çəkdim və bu barədə 102 polis xidmətinə məlumat verdim.

Bildiyimə görə bu şəxs bağ sakinlərinə qənim kəsilib, Goradil bağlar sahəsində çoxlu bağdan oğurluq edib”.

Həmin şəxs İ.Şükürovun bağ evindən televizor, peyk antenası, videooynadıcı, su krantlarını, üzüm ağaclarını, kabelləri quldurluq yolu ilə ələ keçirərək aparıb.

İ.Şükürov bildirib ki, hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət etsə də, bir aydan artıq vaxt keçməsinə baxmayaraq hər hansı tədbir görülmür, təhqiqat və ya əməliyyat işləri aparılmır.