Bakıda terror törətmək istəyən əcnəbi hakim qarşısına çıxır

bakida-terror-toretmek-isteyen-ecnebi-hakim-qarsisina-cixir
Oxunma sayı: 2724

Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdıran Əfqanıstan İslam Respublikasının vətəndaşı 34 yaşlı Favzan Musa Xanın (Fawzan Mosa Khan) cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Şəlalə Həsənovanın sədrliyi ilə araşdırılacaq.

İlk iclas iyunun 10-na təyin edilib.

Qeyd edək ki, Favzan Musa 2023-cü ilin iyulunda Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə ittiham elan edilib.

Xidmətin rəsmi məlumatında deyilir ki, Favzan Musa Xanın digər şəxslərlə qabaqcadan əlbir olaraq ölkə ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və digər müşayiət olunacaq təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib.

F.Musa qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycana gəlib. Bakıda yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki xarici səfirliklərdən birinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidələr aparıb və terror aktında iştirak edə biləcək şəxslərlə əlaqəyə girərək sövdələşib.

Sail Ağasəlim