ABŞ-nin sabiq prezidenti Co Bayden Minneapolis şəhərində federal agentlərin müdaxiləsi nəticəsində baş verən ölüm hadisələri ilə bağlı Donald Tramp administrasiyasını kəskin tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, sabiq dövlət başçısı özünün “X” hesabında paylaşım edərək, Minnesota sakinlərinin mövcud hakimiyyətin əlindən kifayət qədər əziyyət çəkdiyini bildirib.
Baydenin bəyanatında bu ay ərzində Minneapolis küçələrində həyatını itirən iki ABŞ vətəndaşının ölümü xüsusi vurğulanıb.
O, baş verənləri Amerika dəyərlərinə xəyanət adlandırıb:
“Biz öz vətəndaşlarını küçələrdə güllələyən, konstitusion hüquqlarını həyata keçirdikləri üçün onlara qarşı amansızlıq edilməsinə icazə verən bir millət deyilik”.
Co Bayden həmçinin baş verən ölüm hadisələri ilə bağlı tam, ədalətli və şəffaf təhqiqat aparılmasını tələb edib.
Xatırladaq ki, yanvarın 7-də üç uşaq anası Rene Qud ICE (İmmiqrasiya və Gömrük Mühafizəsi) agenti tərəfindən, yanvarın 24-də isə tibb qardaşı Aleks Pretti etirazlar zamanı Sərhəd Mühafizəsi agentləri tərəfindən açılan atəşlə öldürülüb. Hər iki hadisə şəhərdə kütləvi etirazlara və “federal işğal” ittihamlarına yol açıb.
Son xəbərlər
Son Xəbərlər