“Belə tədbirlərin Azərbaycanda da keçirilməsi ən böyük arzularımızdan biri idi” - Barat Yusubov

bele-tedbirlerin-azerbaycanda-da-kecirilmesi-en-boyuk-arzularimizdan-biri-idi
Oxunma sayı: 2350

Azərbaycan Nefroloqlar Cəmiyyətinin üçüncü konqresi keçirilib. III Milli Nefroloji, Dializ və Transplantologiya Konqresində Azərbaycandan və bir sıra qonşu ölkələrdən alimlər iştirak ediblər.

"Qafqazinfo" xəbər verir ki, elmi tədbir haqqında sualları Azərbaycan Nefroloqlar Cəmiyyətinin katibi Dr.Barat Yusubov cavablandırıb.

- Nefroloji, Dializ və Transplantoloji beynəlxalq konqreslərin artıq üçüncüsü keçirildi. Bu konqreslərin keçirilməsində məqsəd nədir?

- Milli Nefroloji, Dializ və Transplantoloji Konqres Azərbaycan Nefroloqlar Cəmiyyətinin əsas tədbiridir. Tədbirin keçirilməsində əsas məqsəd ölkəmizdə nefrologiya sahəsini inkişaf etdirmək, bu sahədə fəaliyyət göstərən həkimləri, nefroloqları bir araya toplamaq, sahə ilə bağlı məsələləri müzakirə etmək, yenilikləri, bilik və təcrübələrimizi bir-birimizlə bölüşmək, eləcə də beynəlxalq təcrübəni ölkəmizə gətirməkdir. Təəssüf ki, ötən 2 il dünyada COVID-19 pandemiyası səbəbilə bütün toplantılar təxirə salınmışdı. Bu il yenidən bir araya gəlmək, qaldığımız yerdən davam etmək çox yaxşı oldu.

- Milli konqreslərin keçirilməsi nə üçün vacibdir?

- Ümumilikdə bu elmi konfransların ölkəmizdə keçirilməsi çox əhəmiyyətlidir. Biz əvvəllər də, elə indi də xarici ölkələrdə keçirilən müxtəlif beynəlxalq elmi toplantılarda, xüsusilə də qonşu ölkələrdə, ən çox da qardaş Türkiyədə keçirilən illik milli konqreslərdə həm iştirakçı kimi, həm məruzəçi, həm də moderator kimi iştirak edirik və edəcəyik də. Hətta bütün həmkarlarımızın da bu tip beynəlxalq tədbirlərdə iştirak etməsini arzulayırıq, təşviq edirik. Lakin belə tədbirlərin Azərbaycanda da keçirilməsi ən böyük arzularımızdan biri idi. Ölkəmizdə belə toplantıların keçirilməsi elmi müzakirələrin həm daha çox həkim həmkarımız üçün əlçatan olmasına imkan verir, həm də gənc nefroloqların yetişməsinə kömək edir. Bu şəkildə nefrologiya sahəsində elmi yeniliklərin ölkəmizə daha sürətlə çatmasına, Azərbaycanın qlobal tibb elminə daha yaxşı inteqrasiya olmasına nail olacağımızı düşünürəm. Allaha şükür ki, milli konqresimizin keçirilməsi, 1 illik COVID fasiləsini nəzərə almasaq artıq ənənə halını alıb. İnşallah bundan sonra da inkişaf edərək davam edər.

- Konqreslər bir-birlərindən nələrlə fərqlənir? Sonuncusu nələrlə yadda qaldı? Ötən konqreslərdən sonra nələr əldə edildi?

- İldən ilə bu fəaliyyətimizi daha da təkmilləşdirmək, daha da səmərəli təşkil etmək üçün çalışırıq. Xüsusilə də dövlətimizin qurumları ilə bu sahədə işbirliyini vurğulamaq istəyirəm. İstər TƏBİB olsun, istərsə də Səhiyyə Nazirliyimiz olsun konqresimizi dəstəkləyirlər, iştirakları ilə bizi qürurlandırırlar. Konqresimiz Davamlı Tibbi Təhsil (DTT) üzrə elm və tədris tədbirlərinin akkreditasiya qaydalarına uyğun olaraq akkreditasiya olunub və iştirakçılarımız və məruzəçilərimiz müvafiq olaraq 12 və 18 DTT balı qazandılar.

Getdikcə milli konqreslərimiz beynəlxalq xarakter almağa başlayır. Yaxın qonşu ölkələrdən alimlər konqresimizdə iştirak edirlər. Bu ilki konqresimizin açılış sözünü transplantologiya sahəsində dünyada tanınmış alim Professor Mehmet Haberal dedi. Bu il də qardaş Türkiyədən dəyərli professorlar konqresimizdə həm moderator həm məruzəçi kimi iştirak etdib zəngin bilik və təcrübələrini iştirakçılarla bölüşdülər. Bundan başqa İrandan və Rusiyadan məruzəçilərimiz oldu. Bu istiqamətdə fəaliyyətimizi gələcəkdə daha da genişləndirmək istəyirik. Türkiyədə rezidentura pilləsində təhsilini davam etdirən azərbaycanlı həkimlər konqresdə fəal iştirak etdilər. Bu həm də onlar üçün ölkəyə qayıtmadan öncə həmkarları ilə indidən əlaqələrin qurulması üçün əhəmiyyətlidir.

Əlavə olaraq III Milli Nefroloji Dializ və Transplantoloji Konqres çərçivəsində praktiki nefrologiya kursları da təşkil olundu ki, bu da həkimlərimizin yeni praktiki bacarıqlar qazanması üçün önəmli bir platformadır.

- Azərbaycan Nefroloqlar Cəmiyyətinin başqa hansı fəaliyyətləri var?

- Milli Nefroloji Dializ və Transplantoloji Konqresi cəmiyyətimizin ən böyük, ən önəmli tədbiridir. Bundan əlavə olaraq xüsusilə də gənc həkimlərimizin yetişdirilməsi üçün həftəlik dərslər təşkil olunur. Bakıdan kənarda fəaliyyət göstərən həkim həmkarlarımızı da aktiv olaraq cəlb etmək üçün rüblik toplantılarımız planlaşdırılıb.

Yenə ən önəmli hadisələrdən biri kimi onu qeyd edə bilərəm ki, yaxın günlərdə Azərbaycan Nefroloqlar Cəmiyyətinin rəsmi orqanı olan “Azərbaycan Nefrologiya Dializ və Transplantologiya Jurnalı”nın təqdimatı olacaq. Bu jurnalda həm nefroloqlarımızın elmi tibbi məqalələrinin yayımlanması, həm də beynəlxalq nəşrlərin Azərbaycan dilinə tərcümə olunaraq həkimlərimiz üçün elmi-praktiki qaynaq yaradılması nəzərdə tutulub.

- Nefroloji, Dializ və Transplantoloji sahəsi üzrə yaxın vaxtlarda ölkəmizdə təqdim olunacaq hansısa tibbi yenilik varmı?

- Azərbaycan Nefroloqlar Cəmiyyəti olaraq təkcə həkim və tibbi personal üçün yox, eyni zamanda xəstələrimiz üçün də fəaliyyətimiz var. Belə ki, xəstələrlə kommunikasiyanı gücləndirmək, onlarla birbaşa ünsiyyət yaratmaq üçün xüsusi qurumumuz var. Cəmiyyətimizin nəzdində fəaliyyət göstərən “Nefron İctimai Birliyi” həm həkimlərin xəstələrə çatdırmaq istədikləri mövzularda maarifləndirici işləri aparmaq, həm də xəstələrin həkimlərdən almaq istədikləri məlumatı ötürmək üçün xüsusi bir körpü rolu oynayır.