Rusiyanın Başqırdıstan Respublikasında təxminən bir ay əvvəl baş vermiş yanğında sahibi ölən it yanan evin külləri arasında onun qayıtmasını gözləyir.
“Qafqazinfo” xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi itin görüntülərini paylaşıb.
Məlumata görə, it ötən ay Ufa şəhəri yaxınlığında fərdi evdə baş verən yanğında həm evini, həm də sahibini itirib. 62 yaşlı ev sahibinin cansız bədəni dağıntılar altından çıxarılıb.
İt isə həmin gündən bəri yanmış evin qalıqları arasında yorulmadan sahibini gözləyir.
Nazirlik əməkdaşları onu ərazidən uzaqlaşdırmağa çalışsalar da, it heç kimi özünə yaxın buraxmır.
Sədaqətinə görə canlıya “Başqırd Hatiko” adı verilib.
Qeyd edək ki, Hatiko Yaponiyada sadiqlik simvolu kimi xarakterizə edilir. O, sahibi hara gedirdisə mütləq müşayiət edirdi.
Bir gün keçirdiyi infarktdan sonra sahibini xilas etmək olmur. Hatiko həmin gündən sonra hər gün Şibuya stansiyası önünə gedərək gecə saatlarına qədər onun gəlişini gözləyirdi.
Haçiko bütün Yaponiyada 1932-ci ildə Tokionun iri qəzetlərindən birində nəşr edilmiş “Sadiq it 7 il əvvəl ölmüş sahibinin gəlişini gözləyir” başlıqlı məqalədən sonra məşhurlaşır.
Hatiko stansiyaya 9 il ərzində (red.-öldüyü günə kimi) hər gün gedir. Ölmüş Hatikonun cəsədini stansiyanın yaxınlığında yerləşən ərazidən tapılır. Onun ölümü geniş rezonansa səbəb olduğundan Yaponiyada bir gün matəm elan olunur. Hazırda Şibuya stansiyasının qarşısında Hatikonun abidəsi yerləşir. Onun sadiqliyi ilə bağlı məşhur “Hatiko” filmi ekranlaşdırılıb.