Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, hər il 23 iyun ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur. Bu münasibətlə Beyləqan rayonunda Dövlət Qulluqçularının Peşə Bayramına həsr olunmuş tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun müxtəlif dövlət qurumlarında çalışan dövlət qulluqçuları, idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Gənclər evində davam edən tədbiri giriş sözü ilə açan Beyləqan RİH başçısı Əziz Əzizov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlət qulluğu sisteminin davamlı olaraq təkmilləşdirildiyini, bu sahədə həyata keçirilən islahatların səmərəli və şəffaf idarəetmənin formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb. Rayon rəhbəri dövlət qulluqçularının yüksək məsuliyyət və peşəkarlıqla fəaliyyət göstərərək dövlətçiliyin möhkəmləndirilməsində mühüm rol oynadıqlarını qeyd edib.
Tədbirdə çıxış edən hüquq-mühafizə orqanlarının rəhbərləri də dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək, dövlət qulluğunun ölkənin inkişafında və dövlət idarəçiliyinin təkmilləşdirilməsində mühüm rol oynadığını vurğulayıb, qanunçuluğun təmin edilməsində, dövlətçiliyin möhkəmləndirilməsində, vətəndaşlara layiqli xidmət göstərilməsində peşəkarlıq, vətənpərvərlik və yüksək məsuliyyət hissinin vacibliyini qeyd edərək, dövlət qulluqçularına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Daha sonra 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusu Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının Fəxri Fərmanı ilə təltif olunub.
Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı tərəfindən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup Beyləqan RİH əməkdaşına da fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbir Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun yekun nitqi ilə başa çatıb. O, bütün dövlət qulluqçularına gələcək fəaliyyətlərində uğurlar arzulayıb, dövlətə və vətəndaşlara göstərdikləri xidmətlərə görə minnətdarlığını bildirib.
Son xəbərlər
Son Xəbərlər