Binəqədidə “Böyük alim-kamillik və müdriklik zirvəsi” adlı tədbir keçirildi - Fotolar

bineqedide-boyuk-alim-kamillik-ve-mudriklik-zirvesi-adli-tedbir-kecirildi
Oxunma sayı: 1264

Bu gün Binəqədi rayonunda yerləşən Zərifə Əliyeva adına istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi “Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Böyük alim-kamillik və müdriklik zirvəsi” adlı tədbir keçirilib .

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, millət vəkilləri - Madər Musayev, Eldar İbrahimov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, rayonun ictimai təşkilatları, hüquq-mühafizə və icra strukturları, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları ilk olaraq Zərifə xanımın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə çiçəklər düzərək, onun əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev çıxışında tariximizdə silinməz iz qoymuş, Azərbaycanın ən parlaq və tanınmış simalarından olan tibb elmləri doktoru, görkəmli oftalmoloq-alim, ictimai xadim akademik Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, Vətən naminə gördüyü böyük işlərdən söz açaraq onun bütün yüksək keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, qayğıkeş ana, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, gözəl bir insan kimi əziz xatirəsinin daim qəlblərdə yaşayacağını qeyd edib.

Çıxış edən Millət Vəkili Eldar İbrahimov qeyd edib ki, novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofuyeva Zərifə xanımı Azərbaycan qadınının adına, ünvanına şərəf, qürur gətirmiş, qadınlıq, zəriflik, möhtəşəmlik nümunəsi və bütün həyatı, ailəsi, fəaliyyəti örnək, məktəb olan insan kimi xarakterizə edib.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd edib ki, akademik Zərifə xanım Əliyevanın adını milyonlarla insan çox yaxşı xatırlayır. Onun adı nəcib qadın, qayğıkeş ana və bunların hamısını özündə ümumiləşdirən qəlbigeniş, insanlara nur bəxş edən şəxsiyyət kimi əbədiləşib. Zərifə xanım Əliyevanın ömür kitabında Azərbaycan naminə misilsiz xidmətləri olan görkəmli dövlət xadimlərinin taleyi yaşayır.

Çıxışlardan sonra tədbir bədii kompozisiya və musiqi nömrələri ilə davam etdirildi. Sonda qonaqlar Zərifə Əliyeva adına parkda təşkil edilmiş foto sərgi ilə tanış olubar.