“Bir evdə ki, Azərbaycan televiziyalarına baxılmır...” - Etibar Babayev

bir-evde-ki-azerbaycan-televiziyalarina-baxilmir-etibar-babayev-
Oxunma sayı: 1455






“Spase”in sabiq rəhbəri Etibar Babayevin “Qafqazinfo”ya müsahibəsi

- Bu yaxınlarda öncə, bəzi saytlarda guya sizin ATV, daha sonra isə “Space” kanalına rəhbər təyin edilməniz barədə xəbərlər yayıldı. Həmin yazılara münasibətiniz?
- Həmin gün mənə də xeyli zəng oldu. Dərhal münasibət bildirdim ki, yayılan məlumat cəfəngiyyatdı, əsası olmayan bir xəbərdir. Bunu həmin saytların rəhbərlərindən soruşmaq lazım ki, hardan qaynaqlanıb, nəyə əsaslanıb məlumat? ATV kanalının rəhbərliyi, yeni dəyişilib. Ora rəhbərlik edən insan, televiziya sahəsində kifayət qədər təcrübəli, səriştəli, öz dəsti-xətti ilə tanınan ziyalıdır. Hesab edirəm ki, uğurlu seçimdir. Vüqar Qaradağlının bu vəzifəyə təyinatına mətbuatda ilk fikir söyləyən elə mən özüm olmuşam. Qəzetlərin birindən mənə müraciət etmişdilər, televiziya mütəxəssisi kimi. Mən də ürəyimdən keçənləri oxucularla bölüşmüşdüm. Bu hadisədən düz bir ay keçmiş, belə şaiyələrin yayılması, təbii ki, anormaldır. Həmin saytlara xəbərin yanlış olduğunu açıqladım. Sözlərimi necə varsa, eləcə də yetləşdirdilər və bununla məsələ bitti. Ümumiyyətlə, jurnalistlərə tövsiyəm o olar ki, nəsə eşidəndə xəbərin doğruluğunu ən azı iki mənbədən dəqiqləşdirib sonra yerləşdirsinlər. Çünki, bu cür “informasiya”, günün xəbəri olacaq deyil, boş lağlağıdır, mənasız söz yığınıdır. Oxucu fikrini çaşdırmaq, jurnalist etikasını pozmaq kimə lazım? El içində məsəl var ki, yalançının evi yandı, heç kəs inanmadı. Uydurma məlumatları yaymaqla oxucunun, dinləyicinin, tamaşaçının KİV-ə inamı, güvəni azalır...

- Niyə məhz sizin adınız çəkildi? Yanlış informasiyada bədxahlarınızın əli ola bilərdimi?
- Bunun dərinliyinə getmədim. Dediyim kimi, dərhal münasibət bildirib, xəbəri cəfəngiyyat adlandırdım. Əslində, yanlış informasiyanın mənim üçün elə bir isti-soyuğu olmadı. Əvvəllər də buna bənzər məlumatlar yayılıb. Məni dəfələrlə daha böyük vəzifələrə “təyin” ediblər. Ünvanıma təbrik teleqramı göndərənlər də olub. Belə şayələrə əhəmiyyət vermirəm. Mən öz işimdəyəm, bədii, elmi yaradıcılıqla, pedaqoji fəaliyyətlə məşğulam və taleyimdən razıyam. Soruşursuz ki, niyə məhz mənim adımı çəkiblər? Bu sizə elə gəlir. Mətbuata nəzər salsaz görərsiz ki, gündə neçə naziri işdən “çıxarırlar”, kimlərisə yüksək vəzifəyə “təyin” edirlər, bəzi yüksək səlahiyyət sahiblərinin “həbs” olunacağı xəbərini yayırlar. İnanıram ki, jurnalistika sahəsi peşəkarlaşdıqca “şok” xəbərlər yaymaq həvəskarlarının meydanı daralacaq.

- Son vaxtlar bir çoxlarından soruşanda ki, axşam filan verilişə baxdın? Belə cavab verir: “Mən Azərbaycan kanallarına baxmıram”. Özümüzü bəyənmirik, yoxsa, doğrudan da, efirlərimizdə çatışmayan nəsə var?
- Belə demək olmaz ki, yerli kanallar izlənmir. Azərbaycan televiziyalarının öz daimi tamaşaçısı var. Ola bilsin kimsə xarici kanallara baxmağa üstünkük verir. Bu, hər kəsin öz seçimidir. Kimsə deyə bilməz ki, niyə Azərbaycan kanalına yox, ingilis, rus, fransız, türk, yaxud hind kanalına baxırsan. O başqa məsələ ki, milli şüurun yetişməsində, azərbaycançılıq ideyasının geniş yayılmasnında, kütləvi informasiya vasitələrinin, ələlxüsus, televiziyanın rolu böyükdür. Bu mənada bir evdə ki, Azərbaycan televiziyalarına baxılmır, demək o ailədə ölkənin ictimai-siyasi, mədəni həyatından yetərincə dolğun məlumat yoxdur. Azərbaycanın dünənindən, bugünündən, sabahından ana dilində danışan yalnız öz kanallarımızdır. Bütün günü başqa kanalları seyr edəndə, yabançı sözləri eşidəndə istər-istəməz milli düşüncədən, adət-ənənədən uzaqlaşırsan. Azərbaycan kanalları proqram siyasətini elə qurmalıdır ki, tamaşaçının diqqətini daha çox çəksin, ekran bir rəngə boyanmasın, boyalı sözlər, bayağı fikirlər efiri hörümçək toru kimi bürü-məsin. Yaxşı olar, bütün tele kanallar istər xəbərlərin təqdimatında, istər ümumi yayınçılıq prinsipinə görə bir-birindən fərqlənsin. Əyləncəli verilişlər, musiqili proqramlar məzmun və formaca bir-birini təkrarlamasın. Daha çox aktual problemlər müzakirə olunsun, günün tələbinə, müasir tamaşaçı səviyyəsinə, istəyinə cavab versin, sağlam düşüncəli tamaşaçı auditoriyası yetişdirsin. O zaman yerli kanallara maraq artar. Bu iş zorla deyil, zövqlə, interllektlə baş tuta bilər.

- Müharibə şəraitində yaşayan ölkədə şou-proqramların üstünlük təşkil etməsi, tamaşaçıya nə verir? Bəlkə bizə vətənpərvərlik mövzusunda olan verilişlərin sayını artırmaq, daha çox lazımdır. Çünki hər gün cəbhədən də ürək açan xəbərlər gəlmir.
- Düzdü, müharibə şəraitində yaşayırıq. Amma bu o demək deyil ki, bütün günü efirə müharibə mövzusunda, verilişlər verməlidi, yaxud mətbuat səhifələrində ancaq bu barədə yazılmalıdı. Gəlin özümüzü aldatmayaq. Müharibə şəraitində olsa belə, hərə öz ömür karvanını bildiyi kimi sürür. Yeni ailələr qurulur, yeni nəsil artır. Ölkədə inşaat sektoru, sənaye, kənd təsərrüfatı inkişaf edir. Təkcə Bakının yox, regionların sosial-iqtisadi inkişafı göz qabağındadı. Bunlar danılmaz həqiqətdi. İri miqyaslı layihələrin həyata keçirilməsini, quruculuq, abadlıq işlərini müvəqqəti dondurub, Bakıda nəzərdə tutulan beynalxalq idman, nusiqi yarışlarının, festivalların, elmi konfransların ünvanını dəyişıb gözləsəydik ki, qoy müharibə bitsin, Qarabağ problemi həll olunsun, sonra bu məsələlərlə məşğul olarıq, o zaman nə udardıq? Qəm dəryasına batmaqla qələbə qaznılmaz ki. Azərbaycan dövləti bir qarış torpağını da kimsəyə verməyəcəyini bütün dünyya bəyan edir və məsələnin istənilən yolla həllinə hazırlaşdığını da gizlətmir. Bu mürəkkəb şəraitdə ölkənin nüfuzlu beynalxalq tədbirlərə ev sahibliyi etməsinin özü də bu niyyətin son dərəcə ciddiliyinin parlaq göstəricisidir. Televiziya, mətbuat, kütləvi informasiya vasitələri belə şəraitdə necə işləməli, nəyə üstünlük verməli, nəyi daha çox qabartmalı, nəyi bir qədər az yaynlamalıdı? Bütün bunlar KİV rəhbərindən siyasi fəhm, ideoloji hazırlıq, yüksək yaradıçılıq istedadı tələb edir. Bu barədə Milli Televiziya Şurası, Milli Mətbuat Şurası niyə də tövsiyələr hazırlamasın? Bu barədə KİV rəhbərləri fikir mübadiləsi aparmaqla ümumi istiqamətləri birgə müəyyənləşdirə bilər. Televiziyalar hərbi-vətənpərvərlik verilişlərinin sayından çox səviyyəsi, emosional təsir gücü barədə düşünməlidi. Əksər kanallarda hərbi vətənpərvərlik mövzusunda verilişlər nümayiş olunur. Amma qəlblərə yol tapmaq için qəlibdən çıxan verilişlərdən yaxa qurtarmağı öyrənmək lazım. Bu iş peşəkarlıq tələb edir. Mən istərdim ki, efirdə əsgərin əlində tutduğu silahı necə təmizlədiyinə baxmaqdansa, beynində nə fikirləşdiyini, düşüncələrini eşidim, ürəyindən keçən arzularını gözlərinin ifadəsində görüm. Onda qələbəyə inamım, orduya güvənim artar. Əsgərləri yallı gedən, mikrafon qarşısında əzbərlənmiş idafələr söyləyən göstərəndə elə düşünürlər ki, tamaşaçıya vətənpərvərlik ruhu aşılayırlar? Belə verilişlərin sayı artsa da nə dəyişəcək ki? Bəzər yüz boğazdan yuxarı səslənən çağırışdan bir bədii əsərin, hətta bir sərrast ifadənin səfərbərediçi gücü daha təsirlidir. İndinin özündə belə “Uzaq sahillərdə” filminin hərbi vətənpərvərlik tərbiyəsində emosional gücü, hərbi hissələrdən hazırlanan bayağı konsert proqramlarından, səngərlərdə alınan sönük müsahibələrdən yüz qat üstündür. Hərbi vətənpərvərlik mövzusu, əsgər həyatından boğazdan yuxarı danışmaqla işlənməsin gərək. Hər dəfə eyni tərzdə, eyni mətləbdən danışmazlar. Sözü gözə yox, ürəyə, beyinə, şüura, əxlaqa yeritmək lazım. Elə bilirəm, Müdafiə nazirliyi KİV rəhbərləri, Gənclər və İdman nazirliyi, digər əlaqədar təşkilatların nümayəndələri ilə bir araya gəlib, müasir dövrdə orduda təlim-tərbiyə işinin, vətənpər-vərlik ruhunun gücləndirilməsi üçün daha effektiv yolların axtarılmasını müzakirə etməlidi.

- Toy verilişləri, milli şüurumuza ziddirmi? Bu haqda çox danışırlar. Ən çox müzakirə obyektinə çevrilən və ən geniş tamaşaçı ordusu olan proqram. Nə qaydasında deyil?
- Bu, Azərbaycanın teleməkana gətirdiyi yenilik deyil. Toy verilişləri, digər ölkələrin televiziya proqramında da var. Birində uğurlu, digərində uğursuz, birində baxımlı, digərində baxımsız alınması təbiidir. Həmin verilişlərə fərqli yanaşmalar ola bilər. Şəxsən mən o verilişlərə baxmağı xoşlamıram. İmkanım olsa heç efirdə də vaxt ayırmazdım.

-Nə üçün?
- Hər bir azərbaycanlının təfəkküründə illərlə formalaşan qadın, ana, nənə obrazı stereotipi var. İndiki halda yayınlanan o verilişlərinin pis tərəfi həmin stereotipləri dağıtmasıdır. 60 yaşında Azərbaycan qadını efirə çıxıb danışır ki, nəvələrim, uşaqlarım var, yoldaşımla ayrılmışıq, yaxud həlak olub. Təzədən ailə qurmaq üçün studiyaya gəldiyini söyləyir. Sonra həftələrlə, oturub gözləyir ki, özünə yeni ömür-gün yoldaşı tapsın. Növbəti verilişə kimsə gəlir. Bu dəfə də xanım onu bəyənmir. Bu minvalla hadisə həftələrlə təkrarlanır. Bu cür ana obrazını, nənə, yaxud baba obrazını necə qəbul edək? Bu barədə uzun-uzadı danışmaq istəmirəm, kimsəylə də polemika aparmaq niyyətim yox. Aydındır ki, belə verilişlər qazanc gətirdiyi üçün proqrama salınır. Televiziya bugün ideoloji vasitədən daha çox, dönüb olub kommersiya təşkilatı. Özünü dolandırmaq üçün min yol axtarır. Ona görə də ideoloji prinsipləri kommersiya maraqları üstələyir. Televiziyanın texniki avadanlığını yeniləmək, rabitə qurğularından istifadə haqqı, nəqliyyat və digər kommunikasiya xərcləri, işçilərin aylıq maaşı və qona-rarı az xərc deyil. Bunları üst-üstə gələndə böyük rəqəm alınır. Əgər şirkətin sabit maliyyə qaynağı yoxdursa (söhbət özəl kanallardan gedir), yalnız reklam vericinin, sponsorun ümidinə qalıbsa, gələcəkdə kommersiya layihələrindən asılılıq bir qədər də artacaq. Bir şirkətin bir aylıq ödəmə xərcləri bir bayağı verilişin reklamından, sporsor ayırmalarından rahat çıxırsa, təbii ki, o verilişi bağlamaqda kimsə maraqlı olmayacaq. Unutmaq olmaz ki, ideologiji siyasətin əsası iqtisadiyyatdır. Maddi təminat problemlərini həll etmək üçün, televiziyalar yüksək zövqə yox, yüksək gəlir gətirən layihələrə üstünlük verməyə məcbur qalırlar.

- Efiri bayağı verilişlərlə bəzəyib, tamaşaçı beynini korlamaqla cəmiyyəti hansı problemlərlə üz-üzə qoyuruq?
- Əgər tamaşaçı beynini təkcə televiziya korlasaydı, məsələ asanlıqla həll olardı.

- Necə?
- Bunun ən sadə yolu televizoru söndürüb həmin verilişlərə baxmamaqdı. Mən bayağı verilişlərə bəraət qazandırmıram. Bütün günahları televiziyaların boynuna yıxmaq ədalətsizlik olar. Bunun daha ciddi, kökü çox dərinlərə işləmiş səbəbləri var. Bu, başqa söhbətin mövzusudur.

- İradə Tuncayın sizə həsr etdiyi “Bu dünya etibarsızdı” yazısında, dünyanın etibarsız olduğuna inandınızmı?
- O yazıda İradə xanım öz səmimi duyğularını oxucularla böyük səxavətlə bölüşüb. Fürsətdən istifadə edib, İradə xanıma təkrar dərin təşəkkürümü bildirirəm. O ki, qaldı sualınıza... Bu dünyanın etibarsız olduğunu düşünmək istəməzdim. Çünki dünya başdan-başa etibarsız olsaydı, İradə xanım mənə qarşı bu qədər etibarlı çıxmazdı. Mənim zənnimcə, dünya etibarsız deyil, ayrı-ayrı insanlar etibarsızdı. İradə xanım kimilərin varlığı göstərir ki, dünyanın axırı hələ yetişməyib. Vəfasızlar sayca çox olsa da, vəfalıların qüdrəti daha böyükdü.

- Bir ara mətbuatdan uzaqlaşdız.
- Jurnalistin yaradıcılıq bioqrafiyası mətbuatda imzası ilk görünən gündən sayılır. Mən 70-ci illərin əvvəlindən yurnalistika ilə məşğulam. Uzun müddət Azərbaycan dövlət televiziyasında çalışmışam.Tale elə gətirib ki, rəsmi vəzifələrim də olub. AzTV-də Baş radaktor, “Azərbaycantelefilm”in direktoru, AzTV-nin sədr müavini, “Space” teleradio şirkətinin prezidenti olmuşam. 2007-ci ildə İradə xanımın təklifini ona görə qəbul etdim ki, onun rəhbərlik etdiyi “Ədalət” qəzetində sağlam yaradıcı mühit var. Əgər ürəyində sözün varsa, sərbəst ifadə etməyə hər kəsə imkan yaradılıb. Bu səbəbdən köşə yazarı kimi redaksiya ilə əməkdaşlıq edirəm. Qəzetdə dərc olunan publisistik yazılarımın bir hissəsini kitablarıma salmışam.

- Bir neçə kitabın, sənədli filmlərin müəllifisiz. Hazırda nə üzərində işləyirsiz?
- “Tarix - ibrət alanlar üçün dərsdir” adlı yeni silsilə yazılarım çapa hazırdır. Sovet stereotiplərinə bu günün fövqündən yanaşmaqla, yüz il öncə ölkədə baş verən hadisələri diqqətlə öyrənməyə çalışıram, bəzi müəmmalı hadisələrin izahını tapmaq, düşüncələrimi oxucularla bölüşmək istəyirəm. Türkiyə ilə bağlı xatirələrim çapa hazırdır. Yetmiş ildə Sovet dövlətinə rəhbərlik edən yeddi nəfərin taleyi ilə bağlı araşdırmalarım da , elə bilirəm maraq doğuracaq. Bu kitabda Lenin, Stalin, Xruşşov, Brejnev, Çerniyenko, Andropov və Qorbaçovun hansı tarixi şəraitdə və necə hakimiyyətə gəlməsi haqda bildiklərimi, gördüklərimi, eşitdiklərimi qələmə almışam. Həyatın dibindən zirvəyə ucalan Maksim Qorkinin həyat və yaradıcılığı barədə monoqrafiyanı da tamamalamaq üzrəyəm. Onun müəyyən hissəsi ilə oxucular “Azərbaycan” jurnalında, “Ədalət” qəzetində tanış olublar.

Namidə Bingöl