Selə tab gətirən bu evin görüntüləri viral oldu - Video

sele-tab-getiren-bu-evin-goruntuleri-viral-oldu
Oxunma sayı: 1894

Nepalda baş verən dağıdıcı daşqınlar zamanı bir ailənin yaşadığı evin sel sularına tab gətirməsini əks etdirən görüntülər sosial şəbəkələrdə viral olub.

“Qafqazinfo” xəbər verir ki, yayılan görüntülərdə palçıqlı sel sularının böyük sürətlə ərazini basdığı, qarşısına çıxan tikililəri və dağıntıları apardığı görünür.

Ətrafdakı binaların bir hissəsi sel sularının gücü ilə dağılsa da, yaşıl rəngli ev salamat qalıb.

Görüntülərdə sel suları evə yaxınlaşarkən binada ailənin ən azı üç üzvünün olduğu görünür. Tikili güclü su axınının əhatəsində qalsa da, ciddi zərər görməyib.

Videonun sosial şəbəkələrdə sürətlə yayılmasından sonra istifadəçilər evin necə belə güclü selə tab gətirdiyini müzakirə ediblər. Eyni zamanda, görüntülərdəki ailənin taleyi ilə bağlı narahatlıq yaranıb.

Sonradan başqa bir sosial media istifadəçisi ailənin sağ-salamat olduğunu təsdiqləyən video paylaşaraq narahatlıqlara son qoyub.

Qeyd edək ki, ölkədə baş verən qəfil daşqınlar nəticəsində Nepal və Tibet tərəflərində təxminən 600 nəfərin öldüyü, təxminən 1500 nəfərin isə itkin düşdüyü bildirilir. Məlumata görə, daşqınlara sərhəd yaxınlığında buzlaq çökməsindən sonra baş verən buzlaq uçqunu səbəb olub.