“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 17-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. “Qafqazinfo” xəbər verir ki, o, 2:2 hesabı ilə bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Oyun çətin keçdi. Çünki “Kəpəz” kompakt, sıx müdafidə olunurdu. Bu cür müdafiəni yarmaq çətindir. Daha çox “asma”lardan və ara ötürmələrindən istifadə etməli olurduq. “Kəpəz” əks-hücumlarda yaxşı çıxış etdi, qollar vurdular. Şadam ki, hesabı bərabərləşdirməyi bacardıq. Gəncədən xalla qayıtmaq çox önəmli idi.
Rəqibimiz sıx müdafiə olunurdu. Biz isə daha sürətli oynamağa məcbur idik. Daha tez keçidlər etməliydik. Bunlar hamısı yekun nəticəni müəyyənləşdirdi”.
Musayev son oyunlarda xal itirmələri və komandanın azlıqda qalması haqda da danışıb: “İlk “qırmızı”da nizam-intizam pozuntusu var idi. “Səbail”lə görüşdə qapıçının texniki səhvi oldu. Bugünkü vərəqə isə olmamalı idi. Top meydandan çıxmışdı, yan xətt hakimi buna işarə edirdi. Dördüncü hakim isə davam etməsini dedi. Oyunu davam etdirdikdən sonra rəqib oyunçumuzu itələdi və bizim futbolçumuza qırmızı vərəqə göstərildi”.
Mütəxəssis stadionun vəziyyətinin pis olduğunu deyib: “Bu cür stadionda oynamaq olmaz, insan həyatı üçün təhlükəlidir. Gəncənin mərkəzi çox gözəldir. Lisenziyalaşdırma üzrə mütəxəssis deyiləm, amma stadionla bağlı nəsə etmək lazımdır. Bu gün paltarlarımızı konteynerdə dəyişmişik. Müsbət hal meydanın ot örtüyüdür. Gəncədə futbol tarixi var. Amma nələrsə etmək lazımdır. Deyəsən, planları var”.
Son xəbərlər
Son Xəbərlər