“Ulan” filan deməklə böyük güc olunmur, əfəndilər!”

ulan-filan-demekle-boyuk-guc-olunmur-efendiler
Oxunma sayı: 1623

Türk Dövlətləri Təşkilatı ən həssas dövrünü yaşayır. Sözün hər mənasında mərkəz və balans rolunu oynayan Azərbaycan öz üzərinə düşən funksiyanı artıqlaması ilə həyata keçirir. Türküstandakı (Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan) dövlətləri maksimum dərəcədə mərkəzə meyilləndirir, onları tarixi genetik kodlarına dönməyə sövq edir və böyük ölçüdə buna nail olmaqdadır.

Amma bu, asan deyil. Çünki Xəzərin o tayındakıların müəyyən tərəddüdləri var və onlar haqlıdırlar. Nizam daşının digər tərəfindəki “abi” obrazını cilovlaya bilməyən Türkiyə bu mərkəzə meyillənmək üçün bəzi prinsiplərinə (İslami dəyərlər bildiyi, əslində isə…) korrektə etməlidir. O isə nəinki bu prinsiplərindən geri durur, əksinə, nizam daşını əlində tutan Azərbaycana “saldırır” (baş örtüyü adı altında).

Belə olan təqdirdə, digər TDT üzvləri nə düşünür, onu təxmin etmək elə də çətin deyil. Rəsmi Bakının prinsipiallığı özündən çox TDT-ni qorumağa yönəlib. Ankara və Türk dünyası bunu anlamalıdır və deyəsən, anlamağa başlayıb (Oqtay Saralın istefaya göndərilməsi - bu hələ başlanğıcdır; sırada bəzi “hücrələr” və “fidanlar” da olacaq, olmalıdır).

Ən vacibi, xeyli müddətdir xaricə siyasi İslam ixracı ənənəsinə başlayan Milli İstihbarat Təşkilatı heç olmasa, TDT-yə üzv ölkələrdən uzaq durmalıdır. Türk birliyinin gələcəyi naminə!

Anlayın, “ulan” filan deməklə böyük güc olunmur, əfəndilər! Bu mənada özünün regional və dünya miqyasındakı siyasi gedişləri və böyük lider duruşu ilə İlham Əliyev təkcə Azərbaycanın yox, ümumilikdə Türk dünyasının böyük şansıdır!

Vaqif Aydınoğlu