“Bu gün 80 yaşım olur, amma elə bil, bir il yaşamışam...”

bu-gun-80-yasim-olur-amma-ele-bil-bir-il-yasamisam
Oxunma sayı: 1523

Bu gün Xalq rəssamı Ağaəli İbrahimovun ad günüdür.

“Qafqazinfo” 80 yaşını qeyd edən sənətkarla əlaqə saxlayıb.

Ağaəli İbrahimov yubiley gününü dostları ilə birlikdə qeyd edəcəyini bildirib: “Səhhətim bir qədər yaxşı deyil, qolum ağrıyır. Ümumilikdə hər şey yaxşıdır. Düşünürəm, dünya dəyişir. Doğum günümü dostlarımla qeyd edəcəyəm. Hədiyyələr axşam gələcək. Amma bu saata qədər artıq tələbələrim hədiyyələr gətiriblər. Ən dəyərli hədiyyə isə tələbəmin gətirdiyi Bethovenin əsərləri oldu. Mən onu çox sevirəm, çox dinləyirəm. Bu hədiyyəyə görə həmin tələbəmi o qədər öpdüm ki... İki telefonum var, səhərdən xeyli zənglər gəlib. Bu, çox gözəldir.

İnsanı yaşadan etdiyi yaxşılıqlardır. Həyat bumeranqdır. Kiməsə əl tutsan, yaxşılıq etsən, xoşbəxt etməyə çalışsan, bütün bunlar sonradan sənə qayıdacaq. Mənim heç kiməsə pislik etməyə, kiməsə paxıllıq etməyə vaxtım olmayıb. İnsan həyatı bir andır. Bu gün mənim 80 yaşım olur, amma elə bil, bir il yaşamışam. Bir andır sanki... Çox gözəl bir söz var, əgər kimisə sevirsənsə, qaç de, kiməsə yaxşılıq etmək istəyirsənsə, indi et. Ona görə ki, sabah gəlməyəcək. İndi bu yaşda hər günü bir həyat kimi yaşayıram. Hər kəsə bu yaşa çatmağı arzulayıram”.

Qeyd edək ki, Ağaəli İbrahimov 6 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. O, 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” , 2006-cı ildə isə “Azərbaycan Respublikasının Xalq rəssamı” fəxri adlarına layiq görülüb.

Aktrisa Naina İbrahimovanın atası, rəssam Nadejda İbrahimovanın həyat yoldaşıdır.

Lamiyə Məmmədova