Bu gündən güclü geomaqnit qasırğası başlayır

bu-gunden-guclu-geomaqnit-qasirgasi-baslayir
Oxunma sayı: 309

Bu gündən etibarən Yer kürəsində güclü geomaqnit qasırğasının müşahidə olunacağı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, proqnozlara görə, maqnit aktivliyi “qırmızı xəbərdarlıq” səviyyəsinə qədər yüksələ bilər.

Elmi müşahidə məlumatlarına əsasən, geomaqnit aktivliyinin K-indeksi 5-ci səviyyəyə çatacaq. Bu göstərici Yer kürəsinin maqnit sahəsində ciddi dalğalanmaların baş verə biləcəyini göstərir.

Bildirilir ki, xüsusilə hava dəyişikliklərinə həssas insanlar bu təsirləri daha çox hiss edə bilər. Mütəxəssislər belə günlərdə baş ağrısı, yorğunluq, halsızlıq və yuxu pozuntularının arta biləcəyini qeyd edirlər.

Geomaqnit qasırğalarının Günəşdən yayılan yüklü hissəciklərin Yer kürəsinin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində yarandığı bildirilir. Günəş küləyi və tac kütlə atılmaları bu prosesin əsas səbəbləri hesab olunur.

Alimlər təsirləri azaltmaq üçün bir sıra tövsiyələr də veriblər. Onların sözlərinə görə, bu dövrdə bol su içmək, kifayət qədər istirahət etmək, balanslı qidalanmaq və qapalı məkanları tez-tez havalandırmaq vacibdir.

Proqnozlara əsasən, 17 maydan etibarən geomaqnit aktivliyində qismən azalma gözlənilir. K-indeksin 4,7 səviyyəsinə enəcəyi ehtimal olunur. Bununla belə, alimlər Günəş aktivliyinin dəyişkən olduğunu və məlumatların qısa müddətdə yenilənə biləcəyini vurğulayırlar.