Toplantını İP Koordinasiya Şurasının (KŞ) rəhbərlik edən Pənah Hüseyn aparırdı. Dəyirmi masada Müsavat başqamı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə, iqtisadçı ekspertlərdən Qubad İbadoğlu, Qadir İbrahimli, Məhəmməd Talıblı, Nemət Əliyev eləcə də xeyli sayda ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Ekspertlər və siyasətçilər bildirdilər ki, hakimiyyətin birdəfəlik ödəmələrlə bağlı adımı ciddi korrupsiya halları ilə müşahidə olunacaq. Müzakirələr zamanı ilginc açıqlamalar verildi.
Məruzəçi Qubad İbadoğlu əmanətlərin qaytarılması qaydaları ilə bağlı beynəlxalq təcrübələri sadalayaraq, Azərbaycanla müqayisə apardı. Bildirdi ki, Azərbaycanda vətəndaşlarının köhnə əmanətləri həqiqi dəyərindən aşağı qiymətləndirilib. Onların əmanətlərinə görə hökumətin təsdiq etdiyi qaydada vəsaitin qaytarılması ədalətli deyil. Eyni zamanda həmin əmanətlərin ötən 20 il üçün faizləri də nəzərə alınmayıb.
İqtisadçı qeyd etdi ki, Azərbaycan post-sovet məkanında bu əmanətləri qaytaran sonuncu ölkələrdəndir. Bizdən başqa, bu əmanətləri qaytarmayan yalnız Belarusdur. Başqa post-sovet ölkələri əmanətləri infilyasiyaya bir o qədər məruz qalmadan, 1990-ların sonu – 2000-lərin əvvəli qaytarıblar.
İqtisadçı ekspert Məhəmməd Talıblı bildirdi ki, Baltikyanı respublikalarda hər 100 min rubl üçün əhaliyə 33 min dollar pul verilibsə, Azərbaycanda bu göstırici 7 min dollardır.
İqtisadçı Nemət Əliyev isə qeyd etdi ki, rəsmi statistikaya görə, əmanətlərin qoyulduğu dövrlə müqayisədə istehlak mallarının indeksi 60 min dəfə artıb. Buna görə də Azərbaycan hökuməti əmanətçilərə hər rubl üçün azı 1.2 manat pul ödəməlidir.
İP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli çıxışında vurğuladı ki, əmanətlərin bu şəkildə qaytarılması ilə Azərbaycan hakimiyyəti oğru mahiyyətini bir daha göstərdi. AXCP sədrinin fikrincə, hökumətin əmanətləri qaytarmaqla bağlı hazırladığı qayda vətəndaşların əslində cibinə girməkdir. Buna görə də ölkə iqtisadçıları, KİV əhaliyə gerçəkdə nə baş verdiyini izah etməlidirlər. Vətəndaşlar bilməlidirlər ki, əgər İlham Əliyev əmanətlərin qaytarılmasında ədalətsizlik edibsə, İctimai Palata olaraq ölkə müxalifəti bi ədalətsizliyi aradan qaldırmağa hazırdır.
İP KŞ üzvü, Müsavat başqanı İsa Qəmbər xatıraldıb ki, müxalifətin hazırlaşdığı 8 aprel mitinqinin tələblərindən biri də əmanətlərin birə-bir qaytarılmasıdır. Bu baxımdan hüququ tapdanan əmanətçilərin ən azı 1-2 faizinin mitinqə qatılamsı hakimiyyətə ciddi xəbərdarlıq olardı.
Azadliq.info