Nigeriyanın cənubundakı Kross River vilayətində yerləşən Ubanq icması qeyri-adi dil ənənəsi ilə diqqət çəkir. Kənddə qadınlar və kişilər eyni dildə danışsalar da, gündəlik həyatda bəzi əşyalar və hərəkətlər üçün fərqli sözlərdən istifadə edirlər.
“Qafqazinfo” xəbər verir ki, bu xüsusiyyət ilk baxışda qadınların və kişilərin iki ayrı dildə danışdığı təəssüratı yaradır.
Lakin əslində, Ubanqda söhbət iki fərqli dildən deyil, eyni dilin qadınlara və kişilərə məxsus fərqli söz ehtiyatından gedir.
Ubanq icmasında qadınlar və kişilər eyni qrammatik qaydalardan istifadə edirlər. Lakin su, daş və keçi kimi gündəlik əşyaların, eləcə də, bəzi hərəkətlərin adları danışanın cinsindən asılı olaraq dəyişə bilər.
Məsələn, qadının müəyyən bir əşya üçün istifadə etdiyi söz kişi tərəfindən başqa formada işlədilir. Buna baxmayaraq, tərəflər bir-birinin nə demək istədiyini anlayırlar.
Bu səbəbdən Ubanq dili iki ayrı dil kimi deyil, eyni dil daxilində cinsə görə fərqlənən iki nitq forması kimi qiymətləndirilir.
Bu qeyri-adi ənənə uşaqlıqdan formalaşmağa başlayır. Uşaqlar ilk sözləri əsasən analarından öyrəndikləri üçün oğlanlar da erkən yaşlarında qadınların istifadə etdiyi söz ehtiyatını mənimsəyirlər.
Təxminən 10-11 yaşlarında oğlanlar ataları və digər kişilərlə daha çox vaxt keçirməyə başlayırlar. Bu mərhələdən sonra onların danışığında dəyişiklik yaranır və kişi lüğətinə aid sözləri öyrənirlər.
Yeniyetməlik dövründə oğlanların kişi nitq formasına keçidi əsasən tamamlanır.
Ubanq icmasının bu dil ənənəsi dünyada olduqca nadir nümunələrdən biri hesab olunur və icmanın mədəni irsinin mühüm hissəsi kimi qorunur.



Son xəbərlər
Son Xəbərlər