Sevgi dünyadakı bütün uşaqların haqqıdır və onların hər biri özəldir. Ən çox da Tanrının seçdiyi ailələrdə dünyaya gələn, xüsusi qayğıya ehtiyacı olan - Daun sindromlu uşaqlar... Onlar cəmiyyətin ayrılmaz bir parçasıdır. Fərqlidirlər, elə fərqlilikləri də onlara olan sevgini artırır. Əslində bu uşaqlar elə sevginin özüdür!
“Qafqazinfo”nun budəfəki həmsöhbəti dərs dediyi Daun sindromlu uşaqlarla pozitiv videolar çəkərək “TikTok”da izləyicilərin rəğbətini qazanan musiqi və rəqs müəllimi İlahə İmanovadır.
Dərsi saat 2-də başlasa da, vaxtından əvvəl gedib rəqs otağında gözləyirik. İçəriyə daxil olan Daun sindromlu uşaqlar sanki doğmalarını görmüş kimi qaçıb İlahə xanımı qucaqlayır, ona sevgi ilə baxırlar. Tanımasalar belə, qabağıma qaçıb hətta məni də qucaqlayır, əlimdən tutaraq adımı soruşur, fotoqrafımızın əlindəki fotoaparatı göstərib onun nə olduğunu öyrənmək istəyirlər. Yaşları müxtəlifdir - 11, 17, 25, 38... Onları birləşdirən əsas xüsusiyyətləri isə kövrək xarakterləridir.
Yerimizə əyləşib uşaqların Novruz üçün bayram rəqslərinin hazırlıqlarını izləyirik. Yanımda oturan balaca Əhməd əlimdən tutub öpür, əhvalımı soruşur. Demişdim axı qəlblərində elə böyük sevgi var ki…
Məşq bitdiyi zaman İlahə xanımla söhbətə başlayırıq. İki övlad anası olan müəllim deyir ki, onun əsl peşəsi xanəndəlikdir. Amma ailə həyatı qurduqdan sonra bu, bəzi narazılıqlar yaradıb: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin solo xor fakültəsini bitirmişəm. Ailə həyatı qurduqdan sonra ixtisasım və oxumağım narazılıq yaratdı. Buna görə də bir müddət Kukla Teatrında çalışmağa başladım. Bir çox tamaşalarda rol aldım, bəzən səhnədə rollarım gərəyi oxuyurdum, kiçik də olsa, arzuma çatırdım. Hazırda isə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində musiqi və rəqs müəllimi kimi fəaliyyət göstərirəm. Ümumiyyətlə, uşaqlarla işləməyi çox sevirəm. Burada olmağıma səbəb də odur”.
Çalışdığı işdə zəhmətinin qarşılığını alıb-almadığını soruşduqda isə qeyd edir ki, işini sevən və can qoyan insan maddiyyatı düşünmür: “Mən bütün vücudumla, fikrimlə keçdiyim dərslərə adaptasiya oluram ki, uşaqların həyatına təsir edə bilim. Öz sevgimlə, istəyimlə uşaqların həyatına rəng qatmaq istəyirəm. Bura başqa dünyadır”.

Onun uşaqlara necə qayğı və sevgi ilə yanaşdığını görəndə ağlıma tez-tez oxuduğumuz, valideynlərin övladlarından imtina etməsi, onları sığınacağa yerləşdirməsi ilə bağlı xəbərlər gəlir. Həmin valideynlərdən fərqli olaraq, İlahə xanım bioloji yaxınlığı olmasa da, bu uşaqlara doğmaları kimi bağlanıb.
Müsahibim deyir ki, uşaqlarından imtina edənlər o sevgini tam yaşamır və dərk etmir: “Ana olmaqla deyil, bu hissi yaşamaq lazımdır. Övlad sevgisi bir başqadır. İnsan qəlbində övlada, həyata, insanlara qarşı vicdan yükü deyilən bir şey var. Daha ürəkdən, daha vicdanla dərk etməlisən ki, mən anayam, mənim rolum nədir? Hər işin başında sevgi dayanır. Neçə ailə var ki, övlad həsrətindədir, amma övladı olub, onun qədrini bilməyən analar var. Bundan əvvəl çalışdığım reabilitasiya mərkəzində valideynləri atıb getmiş uşaqlar çox idi. İnsan kədərlənir ki, uşağın nə günahı var? Digər uşaqlar kimi, onlar da ailənin birlikdə olmasını arzu edir. Elə uşaq olub ki, ana-ata tərəfindən atılıb, nənəsi baxıb, daha sonra nənə də vəfat edib, uşaq çarəsiz bir vəziyyətdə qalıb”.
Həmin uşağın indiki taleyini düşünürəm... Uşaqlar valideynlərini seçə bilməsələr də, ana-atanın bu seçimi var. Bəlkə də qayğıya möhtac bir körpəni bətində tərk etmək sonradan onları öz taleyi ilə baş-başa buraxmaqdan daha yaxşıdır. Elə bu vaxt yan tərəfdən şagirdlərdən birinin səsini eşidirik. Müəlliminin yanında əyləşmək, kadra düşmək istəyir. Yan oturacaqda onun üçün də yer ayırıb söhbətimizə davam edirik.
.jpg)
Artıq çoxuna məlumdur ki, müasir tibbi müayinələr hamiləlik dövründə Daun sindromunu 99%-dən çox dəqiqliklə üzə çıxarır. Bu da valideynlərə uşağın, ümumiyyətlə, ailənin gələcəyini müəyyən etməyə seçim verir. Bəs görəsən müsahibim öz övladının Daun sindromlu olduğunu öyrənsə, onu dünyaya gətirərdimi?
“Mənim nə haqqımadır ki, onu dünyaya gətirməyim?! Bilirsiniz, Allah o insanları, o valideynləri seçir. İnsanın qarşısına nə çıxırsa, ya onun sınağıdır, ya da onun hansısa vaxtda etdiyi səhvdir. Allah məsləhət bilib ki, sənə o övladı verib. Yəqin ki, həmin övladla bərabər, insana güc-qüvvət də verilir. Övlad dünyaya gətirməklə deyil. Sevgi lazımdır, həmin sevgini də sözlə izah etmək olmur. Səbir də lazımdır. Evdə səbir məndən uzaq olur, İlahə burada daha çox səbirlidir. Paylaşdığım videolara baxanda deyirəm ki, bu mənəm? Evdə daha sərt, daha ciddiyəm. Övladlarım da deyir ki, deməli sən qucaqlaya, əzizləyə bilirsən. Bəzən uşaqlarıma deyirəm ki, mərkəzdəki uşaqlar mənə qarşı daha diqqətcildir, amma siz deyilsiniz. Aramızda bəzən belə dialoqlar olur.
Mən buradakı uşaqları əzizlədikcə, sevgi verdikcə, elə bilirəm ki, Allah da mənim övladlarımı qoruyur, öpüb qucaqlayır, əzizləyir. Övladlarım məktəbdən tək qayıdır, işimdən dolayı onlara dəstək ola bilmirəm. Nə dərəcədə düzgündür bilmirəm, dərs dediyim uşaqları qucaqlayanda qulaqlarına pıçıldayıram ki, dua et, onlar da məni qucaqlayır. Elə bilirəm, Allah onların vasitəsilə məni əzizləyir, mənə güc-qüvvət verir. Bu hissləri heç kimə izah edə bilmirəm. Onların sevgisi çox güclü olur”, - o, ürəkdolusu danışır.
.jpg)
Elə bu an müəllimin telefonundan azan səsi yayılır. Həmin an təəccüblə bir-birimizə baxırıq. Təsadüf, yoxsa həqiqətən Allahın ona göndərdiyi bir mesaj? Gülümsəyirik.
İlahə İmanova qeyd edir ki, Daun sindromlu uşaqlar sosial mühitə digər uşaqlarla birgə inteqrasiya olunmalıdır. Bu məsələdə cəmiyyətdə heç bir fərq qoyulmamalıdır: “Onlar başqa uşaqlarla birgə əyləncələrə, tamaşalara, konsertlərə getməlidir. Uşaqlar arasında fərq qoyulmasa, Daun sindromlu uşaqlara qeyri-adi baxılmaz. Ümumiyyətlə, reabilitasiya mərkəzlərinin sayı çox olmalıdır. Mərkəzdə və məktəbdə pedoqoq öz işini görməlidir, evdə isə valideyn övladının üzərində işləməlidir. Bu da öhdəlik olaraq pedoqoqun üzərinə qoyulmamalıdır. Uşağı yeri gəldikdə danlamaq, tənbeh etmək lazımdır ki, nəticə də yaxşı olsun. İstər övladlarımın, istərsə də buradakı uşaqların xeyri üçün düşünürük.
Burada keçirilən dərslərin hər birini evdə uşaqlar daha çox təkrarlamalıdır. Belə olduqda ortaya daha effektiv nəticə çıxır. Valideyn şikayətinə gəldikdə isə hələ ki, bu halla qarşılaşmamışam. Məsələn, bizim mərkəz ödənişsizdir. Valideynlər uşaqlarını bizi əmanət edir. Burada təkcə rəqs və musiqi dərsləri yox, həmçinin idman, psixologiya, rəsm, xalçatoxuma dərsləri də tədris olunur, loqopedlər uşaqların nitqi üzərində işləyir. Bütün pedoqoqlarımızın əziyyəti danılmazdır, üzərimizə düşən öhdəlikləri düzgün şəkildə yerinə yetiririk.

Yeni gələn uşaqlar ilk günlər çox səssiz və özünəqapalı olur. Amma bir müddət sonra valideynlər deyir ki, uşaq evdə öz oyuncağını götürür, nitqi olmasa belə, mahnı zümzümə edir. Bu bizim üçün çox böyük uğur, sevindirici haldır.
Ümumiyyətlə, heç bir valideyn istəməz ki, övladı geridə qalsın, nə kasıb, nə də varlı ailə. Onların övladları üzərində olan zəhmətini görürəm. Həmin uşaqlar adi bir hərfi tələffüz edəndə valideynlər çox xoşbəxt olur”.
Reportaj ərzində demək olar, hər bir uşaqla ünsiyyət qurdum. Onların sevgi dolu baxışlarını, diqqətini daim üzərimizdə hiss etdik. Diqqətlə onlara baxıram, bir-birlərini bərk-bərk qucaqlayıb öpürlər. Qayğıya ehtiyacı olan bu mələklər görəsən dünyaya və cəmiyyətə hansı mesajı ötürmək istəyirlər?
Bu sualı səsləndirdiyim zaman İlahə xanım “sadəcə sevgi, qayğı və diqqət...” cavabın verir: “Onları sevin, qoruyun. Hər kəsə sevgi, ürəkdən sevgi saçırlar. Onlar Günəşin mələkləri, Günəşin uşaqlarıdır”.
Mədinə Useynova
Fotolar-Video: Pərvin Zeynal










