Burada saqqalını qısa kəsdirənlər saxlanılır - Fotolar

burada-saqqalini-qisa-kesdirenler-saxlanilir
Oxunma sayı: 1487

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” rejimi kişilərin xarici görünüşünə nəzarəti daha da sərtləşdirib.

“Qafqazinfo” xəbər verir ki, yeni qaydalara əsasən, saqqalın “çox qısa” kəsilməsi pozuntu sayılır və bərbərlər saxlanılmaq riski ilə üzləşirlər.

Ötən ay Xeyirxahlığın Təşviqi və Şərin Qarşısının Alınması Nazirliyi saqqalın yumruq uzunluğundan qısa olmamasının məcburi olduğunu açıqlayıb.

Qurumun rəhbəri Xalid Hənəfi hökumətin milləti şəriətə uyğun görünüşə yönəltmək məsuliyyəti daşıdığını bildirib. Nazirlik əməkdaşları qaydalara əməl olunmasına nəzarət məqsədilə şəhərlərdə patrul xidməti həyata keçirirlər.

Cənub-şərqi Qəzni əyalətində fəaliyyət göstərən 30 yaşlı bərbər AFP-yə bildirib ki, əməkdaşlarından biri müştərinin saçını “Qərb üslubunda” kəsdiyinə görə üç gecə saxlanılıb.

Onun sözlərinə görə, əvvəlcə soyuq otaqda saxlanılan işçi azadlığa buraxılmasını tələb etdikdən sonra konteynerə köçürülüb və ittiham irəli sürülmədən sərbəst buraxılıb. Bərbər patrul yoxlamaları zamanı müştərilərlə birlikdə gizlənməyə məcbur olduqlarını deyib:

“Heç kim mübahisə edə və ya sual verə bilmir. Hamı onlardan qorxur”.

Məlumata görə, bəzi hallarda həm bərbərlər, həm də müştərilər saxlanılır. Birləşmiş Millətlər Təşkilatının hesabatında qeyd olunub ki, ötən il Kunar əyalətində üç bərbər nazirliyin qaydalarını pozduqlarına görə üç aydan beş aya qədər həbs cəzasına məhkum edilib.

Nəzarətin gücləndirilməsi çərçivəsində imamlar üçün hazırlanmış səkkiz səhifəlik təlimatda xütbələr zamanı saqqal qırxmağın böyük günah kimi təqdim olunması tələb edilib. Nazirlik saqqalını qırxan kişilərin “qadınlara bənzəməyə çalışdığını” iddia edir.

Yeni qaydaların ali təhsil müəssisələrinə də şamil olunduğu bildirilir. Kabil Universitetinin 22 yaşlı tələbəsi deyib ki, mühazirəçilər “saqqal və çarşaf da daxil olmaqla, İslami görünüşə uyğun olmayan tələbələrin qiymətlərinin aşağı salına biləcəyi” barədə xəbərdarlıq ediblər.

Kabildə fəaliyyət göstərən 25 yaşlı bərbər isə gənclər arasında qısa saqqalın daha populyar olduğunu, lakin ciddi məhdudiyyətlər səbəbindən seçim imkanlarının daraldığını bildirib:

“Bərbərxanalar özəl müəssisələrdir. Saqqal və saç şəxsi məsələdir. İnsanlar istədikləri kimi qırxa bilməlidirlər”.