“Cəfər Cabbarlının heykəlinin bərpasına mütəxəssislər cəlb olunub” - Video - Yenilənib

cefer-cabbarlinin-heykelinin-berpasina-mutexessisler-celb-olunub
Oxunma sayı: 1275

“Azərbaycanfilm” kinostudiyasının həyətində yerləşən dahi dramaturq Cəfər Cabbarlının heykəlinin baxımsız vəziyyətdə olması bir neçə aydır sosial şəbəkələrdə müzakirə olunur. Heykəltəraş Kamal Ələkbərovun müəllifi olduğu abidənin postamenti dağılıb, heykəl getdikcə yararsız hala düşür.

Bir müddət əvvəl Mədəniyyət Nazirliyindən kinostudiyanın, o cümlədən abidənin bərpa olunacağı açıqlansa da, hələ də təmir işlərinə başlanılmayıb.

“Qafqazinfo” xəbər verir ki,  Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sosial şəbəkə hesabında paylaşım edilərək C.Cabbarlının heykəli ilə bağlı müraciətə indiyəcən icraçı təyin olunmadığı bildirilib.

İttifaq kino sahəsi ilə bağlı müraciətlərə cavabların gecikdirildiyini, ortaya bürokratik əngəllərin çıxdığını iddia edib: “Film istehsalçılarının tez-tez rast gəldiyi problemlərdən biri kino sahəsində aidiyyəti orqanlara yazılı müraciətlərə cavabların gecikməsidir. Məsul şəxsin məzuniyyət və ya ezamiyyətdə olması hallarında səlahiyyətlərin ötürülməməsi də işləri ləngidir. Məsələn, AKİ katibliyindən aidiyyəti orqana “Azərbaycanfilm” studiyasının həyətində yerləşən C.Cabbarlının heykəli ilə bağlı bu il yanvarın 8-i edilən müraciətə indiyəcən icraçı təyin olunmayıb, məktub aidiyyəti şöbəyə göndərilməyib.

Çəkiliş icazələri ilə bağlı müraciətə artıq çəkilişlər bitəndən sonra reaksiya verilməsi halları da olub. Qəribəsi budur ki, bu hal dövlət hesabına, aidiyyəti orqan tərəfindən sifariş verilmiş filmə aid olub. Məktublara əlavə edilmiş sənədlərin itməsi, səbəb göstərilmədən yenidən tərtib edib təqdim olunması cavablarına da rast gəlinir. Ancaq film istehsalı haqda ətraflı təsəvvürü olan, amalı kinematoqrafımızın inkişafı olan məmur yanaşması obyektiv səbəbdən yaranmış çətin kargüzarlıq tələblərinin öhdəsindən uğurla gələ bilər. Maraqlı tərəfləri, aidiyyəti orqanların əməkdaşlarını film istehsalının dinamikasının saxlanılması, bürokratik əngəlləri aşmaq üçün daha operativ və məhsuldar işə çağırırıq”.

Xatırladaq ki, ötən ilin noyabrında Mədəniyyət Nazirliyi açıqlama yayaraq Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının bərpası ilə bağlı iş aparıldığını bildirmişdi. Qeyd olunurdu ki, layihənin mühüm komponentlərindən biri də Cəfər Cabbarlının heykəlinin restavrasiyasıdır. Restavrasiya zamanı abidənin ilkin bədii həlli və tarixi dəyəri qorunacaq, həm vizual, həm də konstruktiv baxımdan yenilənməsi təmin olunacaq.

***

Kino Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, kinostudiyada bu il artıq bərpa işlərinə başlanılması planlaşdırılıb.

“Hazırda kinostudiyada yerləşən Cəfər Cabbarlının heykəlinin bərpası işlərinə Rəssamlıq Akademiyasının mütəxəssisləri cəlb olunub.

Növbəti mərhələdə abadlıq işlərinin həyəta keçirilməsi nəzərdə tutulub.

Bildiyiniz kimi, Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının bazasında “Kinopark” layihəsi inkişaf etdirilir və tezliklə yekunlaşacaq. Nəticədə burada onlarla kinoşirkəti əhatə edən, yüzlərlə insanın çalışacağı məkan formalaşacaq və kino sənayesinin müxtəlif qurumları burada cəmləşəcək.

Proseslərə dəqiq istiqamət verən Prezidentin 2026-cı il 14 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasıdır. Konsepsiyada audiovizual sənaye mədəni və yaradıcı sənayenin əsas istiqamətlərindən biri kimi müəyyən edilir.

Eyni zamanda, konsepsiya çərçivəsində, audiovizual sənayenin inkişafı ilə bağlı dövlət proqramı hazırlanması nəzərdə tutulur.

Bu yanaşma audiovizual sahənin təkcə mədəni deyil, eyni zamanda iqtisadi və ixrac yönümlü sektor kimi inkişafını hədəfləyir”.

Gülnar Əliyeva