Cənubi Koreyanın sabiq Prezidenti Yun Sok Yolun həbs müddəti daha 6 ay uzadılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Yonhap” agentliyi məlumat yayıb.
Sabiq prezidentə qarşı 2024-cü ildə hərbi vəziyyətin tətbiqi ilə bağlı bir neçə ittiham irəli sürülüb ki, bunlardan biri də düşmən dövlətə yardım göstərməkdir.
Hakim həbs müddətinin uzadılması barədə qərarı Yun Sok Yolun sübutları məhv etməsi ilə bağlı narahatlıqlarla əsaslandırıb.
Xatırladaq ki, Yun Sok Yol müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq 2024-cü il dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 3-dən 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb.
Dekabrın 14-də Cənubi Koreya qanunvericiləri prezidentin impiçmentini dəstəkləyiblər. Baş nazir Han Deok Su dövlət başçısı vəzifəsini icra edib. Bildirilib ki, prezidentin vəzifəsindən kənarlaşdırılmasının lehinə 204 deputat, əleyhinə isə 85 deputat səs verib.
Son xəbərlər
Son Xəbərlər