Ceyhun Bayramov qırğız həmkarı ilə görüşdü - Fotolar

ceyhun-bayramov-qirgiz-hemkari-ile-gorusdu
Oxunma sayı: 1074

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşüb.

XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, nazirlər arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli formatda davam edib.

Geniştərkibli görüşdə Azərbaycan və Qırğızıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə regionda mövcud vəziyyət müzakirə edilib.

Ceyhun Bayramov Azərbaycan və Qırğızıstan arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin ölkə liderləri arasında mövcud qarşılıqlı etimad və siyasi dialoq nəticəsində daha da möhkəmlənərək “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” ilə təsbitini tapdığını məmnunluqla qeyd edib. Qarşılıqlı səfər və təmasların mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, habelə müqavilə-hüquq bazasının genişləndirilməsinə təkan verdiyi diqqətə çatdırılıb.

İki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin Azərbaycanla Qırğızıstan arasında Dövlətlərarası Şuranın, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın işi ilə daha da təkmilləşdiyi və inkişaf etdiyi vurğulanıb.

Nazir, həmçinin qarşı tərəfi ölkəmizin COP29 sədrliyi, aparılan danışıqlar və hazırlıq işləri barədə ətraflı məlumatlandıraraq, bu mötəbər tədbirin əməkdaşlıq üçün yeni perspektivlər yaratdığını diqqətə çatdırıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, ölkəmizin bərpa, quruculuq, sülh səylərindən, habelə regional sülh quruculuğuna təhdid törədən çağırışlardan bəhs edən C.Bayramov, sülh üçün yaranmış imkanlara qarşı yönələn birtərəfli addım və təşəbbüslərin qəbuledilməz olduğunu vurğulayıb. Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və suverenliyə hörmət əsasında bölgədə sülhün bərqərar olunmasına sadiqliyi bir daha diqqətə çatdırılıb.

Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyinin təqdirəlayiq olduğu, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəbin bu dəstəyin bariz nümunəsi olduğu vurğulanıb.

Nazir Ceenbek Kulubayev Azərbaycan və Qırğızıstan arasında münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu, əməkdaşlığın daha da irəlilədilməsi istiqamətində qarşılıqlı səfərlərin əhəmiyyətli rol oynadığını qeyd edib.

Qırğızıstanın Azərbaycan tərəfindən göstərilən regional sülh və quruculuq səylərini daim dəstəklədiyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nazirlər görüşün nəticələri ilə bağlı mətbuat konfransında bəyanatla çıxış ediblər.