“Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”

azerbaycan-esrler-boyu-medeniyyetlerin-qovusdugu-mekan-olub
Oxunma sayı: 677

“VI Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən artıq ölkənin nümayəndəsi iştirak edir. Bu, sözün əsl mənasında göstərir ki, Forum çox mühüm beynəlxalq platformadır və burada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

Prezident qeyd edib ki, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub: “Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb”.

Dövlət başçısı deyib ki, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub.

“Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayır. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır.

Biz bu müsbət tendensiyaları, mədəni dialoqu və mədəni müxtəlifliyi gücləndirməliyik. Bütün bunlar əsrlərdən gələn nemətdir”, - deyə dövlət başçısı vurğulayıb.