Cümlədən Kitaba

cumleden-kitaba
Oxunma sayı: 837

Ustad haqlıdır! Peşəkar yazıçının, gərəkdir ki, şəxsi kitabxanası olsun. Bizdə isə vəziyyət bir az başqadır.
Bilməmiş deyilsiniz, Yazarlarımızın maddi vəziyyəti bərbaddır. Üstəlik, əllərinə düşən az-çox para da “meyxanələr küncü”ndə xərclənir. Ol səbəbdən dünya və Azərbaycan ədəbiyyatının şah əsərlərini alıb evlərindəki kitabxanaya “bağışlaya” bilmir, dost-tanışdan alıb oxumaq istəyirlər. Tez-tez belə sövdələşmələrin şahidi, yaxud iştirakçısı oluram:
– Səndə filan kitab var?
– Var.
– Sən canın, onu ver oxuyum.
– Oxuyub qaytarmaq şərtilə!
– Hə, hə, uzağı iki həftəyə kitab səndədir...
Kitablar ev-ev gəzib əldən-ələ keçdikcə vərəqlər yorulub taqətdən düşür, altından xətt çəkilmiş misraların, cümlələrin, xırda hərflərlə səhifələrə yazılan qeydlərin sayı artır. Hər kitabın içində onu oxuyan adam da bir kitab yazır elə bil.
Kitabları bir az diqqətli vərəqləsək, onları bizdən əvvəl oxumuş adamın iç dünyasını, zövqünü görə, duya bilərik.

***

Qonşuluğumuzdakı bir nəfər möhkəm içirdi. Hər gün “vurub”, evə gedir, arvad-uşağı incidirdi. Arvad ən azı ayda bir dəfə uşaqları yığıb dədəsi evinə gedir, uzun xahiş-minnətdən sonra qayıdırdı. Hər dəfə əri içəndə onu danlayıb canını boğazına yığırdı. İçkili adama da “gözün üstə qaşın var” demək olmaz axı...
Arvadın danlağından bezən ər ayağa qalxıb onun ölülərini söyüşlərə, özünü şillə-yumruğa, təpiyə qonaq eləyirdi.
Bir dəfə həmin adamdan Vaqif Səmədoğlunun “Mən Burdayam, İlahi” kitabını aldım. Qonşum kitabdakı bu şeirin üstündə “Əla” yazıb, nida qoymuşdu:

İçən günlərimi sayır,
Yenə də barmaqların.
Sənə sərxoş gözüm baxır,
Mənə də barmaqların.

Günlərimin çoxu gedib,
Daha sayma heç nəyi.
Nəyəsə söykənməlidir.
Axı insan kürəyi...

Səbəblərin hamısı boş,
Səbəblər ancaq səbəb.
Hər şey bəhanədir gülüm.
Ömür, ölüm, qəm, əsəb...

Hələ içkidə batmayıb,
İnsan kədəri, dərdi.
Batsaydı insan dərdindən
Tanrı özü içərdi!

İçən günlərimi sayır,
Yenə də barmaqların.
Sənə ömrüm əzab verir.
Mənə də barmaqların...


Adını unutduğum rus şairəsi deyib: “Əsl şeir odur ki, onu oxuyanda “bu sözlər mənim dilimin ucundaydı” deyəsən”. Qonşumuz da Vaqifin bu şeirlərini oxuyanda yəqin fikirləşib: Vay, dədəm vay, bu, əsl mənim adamımdı ki...

***

Dostum Salam Sarvanın “Yolu qarşıla” kitabı çox “hücum”a hədəf olub. Depressiyaya meylli bir qohumum var. Bir dəfə gördüm, Salamın kitabını başdan-başa xətləyib. Ən çox diqqətimi çəkən isə aşağıdakı bəndin kəlləsindən bir ox işarəsi qoyub, “Dəhşəəəət!” yazması idi. Sonralar ondan “Salamdan ən çox sevdiyin misralar hansıdır” – deyə soruşanda böyük şövqlə bu bəndi oxudu:

Yox e, mən sürdüyüm
ömür-gün deyil,
Baxma ki, bir azca uzun çəkdi bu.
Bir qoca kor bəxtin əlindən tutub,
Yolun o üzünə keçirməkdi bu.


Özünə deməsəm də ürəyimdə “bu həssaslıqnan axırın nə olacaq, ay bədbəxt” – deyə düşündüm.

***

Çayxanada-meyxanada ağzındakı saqqızı çıxarıb stola yapışdırmaq kimi iyrənc şakəri olan bir hərcayını heç cür tərbiyə edə bilmirdik. Bir belə, beş elə... Bir dəfə həmin tülüngü mənə rayon şairlərinin şeirləri toplanmış “Söz Meydanı” adlı almanax verdi ki, oxuyum. Almanaxı vərəqləyəndə baxdım ki, bir şairin bu misralarının altında xətt çəkib, üstündən də “Əla!” yazıb:

Everest zirvəsi inciməsin qoy,
Dünyada ən böyük zirvədir ana.

Hə, arada belə də olur.


***

Bizim evdə dahi Azərbaycan yazıçısı Sabir Əhmədlinin, demək olar ki, bütün kitabları var və mən o kitabların hamısını oxumuşam. Kiçik istisnaları çıxmaq şərtilə, Sabir müəllimin cümlələrinin altından xətt çəkdiyim olmayıb. Çünki Dədə Sabir cümlə yazıçısı deyil. Cümləpərdazlıq ona yaddı. Onun romanlarının mükəmməl strukturu var. Bir sözlə, Sabir Əhmədli KİTAB yazıb. Cümlə yox.
Cümlədən KİTABa keçəkmi?!

Mövlud Mövlud