Dağıstanda terror aktları oldu - Yenilənib

dagistanda-terror-aktlari-oldu
Oxunma sayı: 8637

Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, atəşdən sonra sinaqoqda yanğın baş verib.

Polis hazırda hücum edənləri axtarır.

Onların ağ rəngli “Volkswagen Polo” markalı avtomobillə qaçdığı bildirilir.

Mahaçqalada isə terror aktı zamanı hüquq-mühafizə orqanının 6 əməkdaşı həlak olub, 12-si yaralanıb.

Rusiya Milli Antiterror Komitəsinin informasiya mərkəzi isə bildirib ki, bütün Dağıstan ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib, hazırda kilsə və sinaqoqu atəşə tutan yaraqlıların zərərsizləşdirilməsi üçün tədbirlər görülür.

“Vətəndaşların təhlükəsizliyini təmin etmək, terror cinayətlərinin qarşısını almaq və silahlı hücumda iştirak edən şəxslərin tutulması üçün Rusiya FSB-nin Dağıstan üzrə departamentinin rəhbəri antiterror əməliyyatı keçirmək qərarına gəlib”, - məlumatda deyilir.

***

Mahaçqala və Dərbənddə baş verən hücumlar nəticəsində ölənlərin sayı artıb.

Dağıstan müftiliyinin yaydığı məlumata görə, terror aktları nəticəsində 9 nəfər həlak olub.

Onlardan 7-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Silahlı hücumlarda 25 nəfər xəsarət alıb.