“Dəyişmək lazımdır, çox gecikirik...”

deyismek-lazimdir-cox-gecikirik
Oxunma sayı: 4111

“Dünən axşam Bakıda baş verən hadisə “yol-nəqliyyat hadisələri hər kəsin və hər yerdə başına gələ bilər” fikrini ən pis nümunəsi ilə bir daha təsdiqlədi...”

“Qafqazinfo” xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov ötən gün azərbaycanlı alim Arif Acaloğlunun Bakıda qəzada həlak olması ilə bağlı məsələyə münasibət bildirərkən yazıb. 

Ekspert qeyd edib ki, bu cür qəza hadisələrinin azalması üçün bəzi dəyişikliklər lazımdır: “Ölkəmizin tanınan həkimlərindən olan, Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun idarə etdiyi avtomobillə tanınmış türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acaloğlu vurularaq dünyasını dəyişib. 

Çox təəssüf. Hadisənin detalları barədə məlumat yoxdur. Amma bildiyimiz bircə şey var: yollarda qırğın davam edir. Potensial olaraq hər kəs qurban, eyni zamanda hər kəs qatil (bu ifadəni birbaşa hüquqi mənasında yox, sadəcə insan ölümündə iştirakçı mənasında işlətmişəm) ola bilər... Ona görə də, təkrar-təkrar dediyimiz kimi, dəyişmək lazımdır, dəyişdirmək lazımdır. Çox gecikirik...”

Qeyd edək ki, Bakıya qonaq gəlmiş tanınmış alim Arif Acaloğlu Sabunçu rayonu ərazisində - Bakı Olimpiya Stadionunun yaxınlığında qəzaya düşüb. Onu avtomobillə vuran şəxs isə Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovdur. O, qəzadan sonra yaralını xəstəxanaya çatdırsa da, həyatını xilas etmək mümkün olmayıb.